Hesabatlar

Aqrar Xidmətlər Agentliyi yoxlanıldı, fəaliyyətində nöqsanlar aşkarlandı

Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində apardığı audit nəticəsində bir sıra nöqsan və pozuntular aşkarlanıb.

ENA.az xəbər verir ki, Palatanın məlumatına görə, Aqrar Xidmətlər Agentliyi və tabeliyindəki qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının hüquqi aktların tələblərinə, eyni zamanda dövlət sektoru kontekstində düzgünlük aspektlərinə uyğunluq vəziyyətinin müəyyənləşdirilməsi məqsədi ilə aparılmış auditlə 2020-2022-ci illər əhatə olunub.

Bu dövrdə pul vəsaitlərinin hərəkəti üzərindən maliyyə tutumu ümumilikdə daxilolmalar üzrə 152,1 milyon manat, xaricolmalar üzrə 145,5 milyon manat təşkil edib.

Auditin gedişində agentliyin maliyyə əməliyyatlarında bir sıra nöqsan və pozuntular aşkarlanıb.

Xüsusilə maliyyə vəsaitlərinin hərəkəti, mühasibat hesabatlarında, əsas fəaliyyətin təşkilində, aktivlərin və öhdəliklərin inventarizasiyasında pozuntular aşkar edilib.

Bundan başqa, auditin nəticələrinə əsasən, agentlik ayrılmış vəsaitdən tam istifadə etmir, Məsələn, təsdiq edilmiş proqnozlar həddində açılmış maliyyələşmələrin 2020-ci ildə 12,3 milyon manatından və ya 31,9%-dən, 2021-ci ildə 10,5 milyon manatından və ya 21,5%-dən, 2022-ci ildə isə 6 milyon manatından və ya 11,8%-dən büdcə ilinin daxilində faktiki olaraq istifadə olunmayıb.

Həmçinin tenderlərin keçirilməsi zamanı əldə olunmuş vəsaitlərin istifadəsində müəyyən pozuntular aşkarlanıb. Auditin gedişatında regional baytarlıq idarələrində faktiki olaraq 1,4 milyon manat dəyərində istifadə edilməmiş vaksin qalığının mövcudluğu və 2,1 milyon manat dəyərində pestisidlərin, dezinfeksiya və dezinseksiya məhlullarının uçotdan silinməsinə yol verililməsi aşkar edilib.

Hesablama Palatası müəyyən edib ki, fiziki və hüquqi şəxslərin istifadəsində (dövlət qeydiyyat mənsubiyyətində) olan kənd təsərrüfatı texnikalarının 2020-ci ildə 54,8%-i, 2021-ci ildə 46,7%-i və 2022-ci ildə 47,6%-i texniki baxışdan keçirilməyib.

Bununla yanaşı, digər nöqsan və pozuntular da aşkar edilib.

Hesablama Palatasının kollegiyası artıq ödənilmiş vəsaitlərin bərpası, müvafiq əmlakların təhvil işinin yekunlaşdırılması, ştat sayların optimallaşması və maliyyə hesabatlarındakı təhriflərin aradan qaldırılması ilə bağlı qərar qəbul edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)