"Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri" kursu açılır
Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli 508 saylı Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın əsas tədbirlərindən biri də şagird, müəllim və tələbələrə rəqəmsal ödəniş xidmətləri haqqında zəruri biliklərin verilməsi olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilmiş bu tədbirin icrası çərçivəsində ölkədə ilk dəfə 2020-ci il tarixində "Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri" adlı dərslik yazılıb.
Mərkəzi Bankın təşəbbüsü və dəstəyi ilə qeyd olunan dərslik əsasında onun müəllifləri tərəfindən "Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri" kursu hazırlanıb və Virtual Təhsil Platformasında yerləşdirilib.
Kursun hazırlanmasında əsas məqsəd əhalinin rəqəmsal ödənişlərdə maliyyə savadlılığının artırılması, bu sahədə fəaliyyət göstərəcək yeni peşəkar kadrların hazırlanması, habelə bank əməkdaşlarının və tələbələrin rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri sahəsində bilik və bacarıqlarının daha da təkmilləşdirilməsidir.
Bu kursda ümumilikdə 14 mövzu əhatə edilmişdir. Tədris zamanı rəqəmsal ödəniş ekosisteminin nüvə komponentləri və onların fəaliyyəti, rəqəmsal ödənişlər sahəsində qanunvericilik bazası, tənzimləmə və nəzarət çərçivəsi, müxtəlif ödəniş alətləri, o cümlədən çeklər, birbaşa debetləşmə, ödəniş kartı, elektron pul və onlar vasitəsilə aparılan ödəniş əməliyyatları, ödəniş əməliyyatları üzrə məlumatların emalı ilə bağlı təqdimatlarla tanış olaraq bu sahə ilə bağlı biliklərinizi daha da təkmilləşdirəcəksiniz.
Rəqəmsal ödəniş ekosistemində sıçrayışlı inkişaf tendensiyası və innovasiyaların tətbiqinin genişlənməsi nəzərə alınaraq, rəqəmsal ödənişlərin iqtisadi artıma təsiri və üstünlükləri, elektron bankçılıq xidmətləri və onların növləri, mərkəzi bankların rəqəmsal pulları və onların tətbiqi imkanları, virtual valyutalar və onların tətbiqi, rəqəmsal ödəniş ekosistemində son innovasiyalardan olan sandbox, yəni xüsusi tənzimləmə rejimi, rəqəmsal bankçılıq, habelə rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatları və onlara qarşı mübarizə tədbirləri haqqında bölmələr bu kursa daxil edilib.
Kursa bu link vasitəsilə daxil ola bilərsiniz: https://edu.e-cbar.az/course/preview.php?id=137