Bu ilin aprel və may aylarında Azərbaycana kiber hücumlar artıb. Hücumların 71%-i maliyyə məqsədi daşıyır
Bugün internet bankinq, teleqram çatbotlar kiber hücumçuların əsas hədəflərindən biridir. Kiber hücumların sayına görə, MDB dövlətləri ön sıradadır, çünki təhlükəsizlik sistemləri baxımından inkişaf etmiş ölkələrdən geri qalırlar.
Kiber cinayətkarların hədəf coğrafiyası
ENA.az xəbər verir ki, bugün tanınmış “Kaspersky” şirkəti Bakıda “Kiber Bilik Günü” şuarı altında mətbuat konfransı təşkil etdi. Konfransda dünyada, o cümlədən Azərbaycanda kiber hücumların artım templəri, xüsusən də məktəbli uşaqların internetdən asılılığı və bu problemin həlli yolları müzakirə edildi.
Açıqlanan rəqəmlərə əsasən deyə bilərik ki, bugün kiber hücumların sayına görə, 45,9% MDB ölkələrində qeydə alınır. Yaxın Şərq ölkələri 22.5%, Amerika 14.3%, Avropa isə 13.3% təşkil edən belə müdaxilələrə qarşı mübarizə aparır. Səbəb dövlət qurumlarının texniki cəhətdən təhlükəsizlik sistemlərini gücləndirməsidir. Bu ölkələrdə işləyə bilməyən kiber cinayətkarlar daha zəif ölkələrə yönəlirlər.
Azərbaycanın da daxil olduğu MDB məkanında kiber hücumların 19.4%-i dövlət oqranlarına qarşı törədilir.
Kaspersky hesab edir ki, strategiya yenilənməli, texniki menecerlərin bilik səviyyəsinin yüksəldilməsi, antivirus texnologiyası inkişaf etdirilməlidir.
Məqsədlər müxtəlifdir
“Kaspersky”nin eksperti Dimitri Qalovun sözlərinə görə, kiber hücumlar ilk növbədə malyyə maraqları daşıyır. Təxminən 71 faizi maliyyə əldə etmək məqsədilə təşkil edilib. Bununla yanaşı, məlumatların oğurlanması, silinməsi və siatemin fəaliyyətinin iflic olması məqsədi ilə edilən hücumlar da var.
Təqdimata əsasən, Azərbaycanda xüsusən də bu ilin aprel və may aylarında hücumlar artıb. 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycandakı istifadəçilərin 32%-i yerli kibertəhdidlərlə üzləşib. Onların kompüterlərində, məsələn, kənar media daşıyıcıları vasitəsilə, şifrələnmiş sənədlər şəklində və ya mürəkkəb quraşdırıcıların bir hissəsi kimi yayılan zərərli fayllar tapılıb.
Azərbaycanda cihazları yerli təhlükələrə yoluxmuş korporativ istifadəçilərin payı 24 faiz təşkil edib.
Veb-təhlükələr
İstifadəçilərin 11,5%-i veb-təhdidlərlə - internetdən qaynaqlanan yoluxma cəhdləri ilə qarşılaşıb. İnternet üzərindən cihazlarına yoluxma cəhdi qeydə alınan korporativ istifadəçilərin payı 17% təşkil edir.
2023-cü ilin avqustunda “Kaspersky” həllərinin müdafiə komponentlərinə edilmiş geridönüşlərin anonimləşdirilmiş statistikasına əsaslanan məlumat
Mobil təhdidlər
“Kaspersky”-nin Android əməliyyat sistemi ilə çalışan cihazlar üçün həllərinə edilmiş geridönüşlərin anonimləşdirilmiş statistikasına əsaslanan məlumatlara görə, 2023-cü ilin yanvar-may aylarında Azərbaycandakı istifadəçilərin mobil cihazlarına 224 minə yaxın hücum qeydə alınıb.
Fişinq və spam
2023-cü ilin yanvar-avqust aylarında “Kaspersky” həlləri Azərbaycanda fişinq səhifələrinə təxminən 537,000 keçid cəhdini bloklayıb ki, bunun da 438,000-dən çoxu b2c seqmentində, 99,000-i isə korporativ istifadəçilər arasında olub.
Yeni fişinq trendlərindən biri Telegram istifadəçilərinə hücumlardır. Kibertəhdid aktualdır, çünki Telegram hesabına giriş təcavüzkarlara bir çox imkanlar verir, başqa sözlə desək, məxfi məlumatlara çıxış, bir şəxsi şantaj etmək və ya onun adından saxta mesajlar göndərmək üçün həmin hesabı oğurlayırlar. Kibercinayətkarların istifadəçiləri fişinq səhifəsinə keçməyə təşviq etmək üçün istifadə etdiyi əfsanələr arasında bu və ya digər səsvermədə iştirak etmək, böyüklər üçün (18+) Telegram-a daxil olmaq, oyundaxili valyuta qazanmaq, Telegram premium abunəliyini sınamaq və oyunun sındırılmış versiyasını yükləmək təklifləri yer alır. Bu müddət ərzində Azərbaycanda spamların payı 17% təşkil edib.
Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) üçün təhdidlər
2023-cü ilin əvvəlindən Azərbaycandakı AİS kompüterlərinin 34%-i zərərli proqramların hücumuna məruz qalıb. Eyni dövrdə ölkədəki AİS kompüterlərində bloklanan əsas təhlükə mənbələri:
17,5% - İnternet
5,2% - çıxarıla bilən media daşıyıcıları
4,6% - elektron poçt müştəriləri
0,10% - şəbəkə qovluqları
Uşaqları qoruyaq!
“Kaspersky” 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycandakı uşaqların ziyarət etdiyi veb-saytların kateqoriyalarını təhlil edib və müəyyən edib ki, veb-resursların ən böyük payı “Proqram təminatı, audio, video kateqoriyasının (50%), 26%-i onlayn ünsiyyət platformalarının (sosial şəbəkələr, çatlar), təxminən eyni həcm isə kompüter oyunlarının (9%) və “elektron ticarət” kateqoriyasına aid saytların (onlayn mağazalar) (7%) payına düşüb. Xəbər saytlarının payı təxminən 5% təşkil edib.
“Kaspersky”nin nümayəndəsi Müşfiq Məmmədovun sözlərinə görə, şirkət həmçinin uşaqlar arasında ən populyar mobil tətbiqləri təhlil edib.
YouTube siyahında ən başda dayanır (təxminən 32%). İlk 5-liyə həmçinin WhatsApp (20,5%), Roblox (12,5%), Instagram (10%) və TikTok (7%) daxildir.
Sorğu əsasında müəyyən olunub ki, uşaqların 55%-i məktəbə getməmiş elektron cihazlarla tanış olurlar. İnternet asılılıq isə dərslərdə geriləmə və psixoloji problemlər yaradır.
“İnternetin faydalı tərəfləri çoxdur, biz uşaqlarımıza anlatmalıyıq ki, internet vaxt keçirmək üçün deyil. İnternetdə uşaqlarımız üçün təhlükə yaradan həllər və videolara az rast gəlmirik. Məsələn, yaşadığın evin pəncəsinin ağzında selfi et, çox təhlükəli çağırışdır. Və yaxud da yuyucu tozun dadına bax - bu kimi “challenge”lər olur. Kriptovalyutalar alması üçün uşaqları valdeynlərinin kartı ilə ticarət etməyə təhrik edirlər. Təbii ki, bu kiber hücumlar üçün məlumat mənbəyididir, uşaq kripto almaq üçün valdeynin kartından istifadə edir və pullar geri qayıtmır”.
Ona görə də mütəxəssislər uşaqların istifadə etdiyi kontenti müəyyənləşdirən həllər və proqramlardan istifadə etməyi məsləhət görürlər.