Bank

Azərbaycan banklarının xarici borcları 32,3% artıb

Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin yanvar-iyul ərzində xarici borcları 32,3% artıb. ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü il iyulun 31-nə xarici öhdəliklərin həcmi 2 milyard 331,2 milyon manata çatıb. 

Təkcə iyul ayında bankların xarici borcları 9,3% və ya 238,6 milyon manat azalıb. İyunda xaricdən borclanma 14,7 milyon manat artmışdı.  

AMB-nin məlumatına görə, iyul sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 3 milyard 597,1 milyon manat olub. Bu, 2022-ci ilin sonuna olan göstəricidən 44% azdır, yəni banklar xarici aktivlərini satırlar və ya bu aktivlər dəyərdən düşür.

İyulda bankların xalis xarici aktivləri 654,2 milyon manat və ya 15,4% azalıb. İyunda azalma 1 milyard 193,9 milyon manat olmuşdu.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan banklarının xarici öhdəlikləri 65,7%, xalis xarici aktivləri 10,7% artıb.

Azərbaycan banklarının xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kredit və depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)