Rabitə sektorunun gəlirləri artıb. Əsas gəlirin mənbəyi mobil rabitədir
2022-ci ildə Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən şirkətlərin xalis mənfəəti 994,3 milyon manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 16,7% çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə bu sahədə fəaliyyət göstərən şirkətlərin ümumi mənfəəti 1 milyard 301,7 milyon manatdır. Bu isə əvvəlki illə müqayisədə 13,3% çoxdur.
Ümumilikdə 2022-ci ildə bu sektorda yaradılmış əlavə dəyər 14,7% artaraq 1 milyard 885,6 milyon manat təşkil edib.
2022-ci ilin sonuna sektorda 30 min 554 nəfər çalışıb, orta əmək haqqı 16,7% artaraq 1348 min manat olub.
2022-ci ildə sektora kapital qoyuluşları 2,6 dəfə çoxalaraq 400 milyon manat təşkil edib. Bunun 361,3 milyon manatı daxili (2,7 dəfə çox), 38,7 milyon manatını (2 dəfə çox) xarici kapital qoyuluşları təşkil edib.
2022-ci ildə sektorda fəaliyyət göstərən sahibkarların gəlirləri 15,2% artaraq 2 milyard 755,973 milyon manat təşkil edib. Əsas gəlir mobil rabitə xidmətlərinin göstərilməsindən əldə edilib - 1 milyard 44,244 milyon manat. Ümumilikdə, mobil rabitə xidmətlərinin göstərilməsindən əldə olunan gəlirlər sektor üzrə gəlirlərin 37,9%-ni təşkil edib.
2022-ci ildə internet xidmətlərinin göstərilməsindən əldə olunan gəlirlər 276,064 milyon manat (10,8% çox), peyk rabitəsi üzrə 61,496 milyon manat (13,6% az) təşkil edib.