Azərbaycan ötən il Özbəkistan iqtisadiyyatına 12 milyon dollar sərmayə qoyub
Özbəkistanda Azərbaycan kapitalı ilə 200-dən çox şirkət fəaliyyət göstərir.
Bunu Özbəkistan Prezident Administrasiyası yanında İqtisadi Tədqiqatlar və İslahatlar Mərkəzinin direktor müavini Muxsinjon Xolmuxamedov “Azərbaycan – Özbəkistan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
Xolmuxamedov Azərbaycanın ötən il Özbəkistan iqtisadiyyatına 12 milyon dollar sərmayə qoymasını vurğulayıb.
Onun sözlərinə görə, Özbəkistanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin əsas istiqamətləri maşınqayırma və metal emalı, yüngül sənaye, qida sənayesi, mənzil tikintisi sektoru, xidmət və digər sahələridir.
O bildirib ki, Özbəkistan üçün Azərbaycan bazarına çıxış xüsusən böyük maraq kəsb edir.
“Ölkələrimiz kənd təsərrüfatı və digər bu kimi sahələrdə əməkdaşlığı genişləndirə bilər. Xüsusilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) layihəsi çərçivəsində, kimya və neft emalı sənayesində birgə layihələrin inkişafı çərçivəsində əməkdaşlığı gücləndirmək lazımdır və həmçinin tikinti materialları istehsal edən iri şirkətlər də bura qatılmalıdır”, – deyə Xolmuxamedov vurğulayıb.