Sosial iqtisadiyyat

Dövlət Vergi Xidməti vətəndaşlara müraciət etdi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ölkə vətəndaşlarını sahibkarlıq niyyəti olmadan hüquqi şəxslər təsis etməməyə çağırıb.

Məlumata görə, qurum bəyan edib ki, adına təsis edilmiş müəssisələrin təsis sənədlərini və yaxud vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN), həmçinin elektron imzasını başqa şəxslərə verənlər vergidən yayınma sxemləri ilə cinayətkar fəaliyyət həyata keçirən şəxslərə şərait yaratmış olur və bu halda gələcəkdə yaranacaq vergi öhdəliklərinə görə məsuliyyət daşıyacaq.

"Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin icraatındakı bəzi cinayət işlərinin istintaqı zamanı vergiləri ödəməkdən yayındırılmış müəssisələrin direktorlarının, təsisiçilərinin və ya fərdi sahibkarların həmin fəaliyyətlə əlaqəsinin olmadığı, onların adına açılmış elektron imzaların (əsasən, ASAN imza) digər şəxslərə verildiyi, sahibkarlıq fəaliyyəti ilə məhz həmin şəxslərin məşğul olduğu müəyyən edilib. Vətəndaşların məlumatsızlığından faydalanan bir qrup şəxs onları müəyyən vədlər və ya pul müqabilində məsuliyyətlərinin olmayacağı ilə aldadaraq, adlarına elektron imza (əksər hallarda ASAN imza) alaraq, həmin elektron imza vasitəsilə müəssisələr təsis edərək, qısa müddət ərzində müxtəlif maliyyə əməliyyatları həyata keçirib, belə əməliyyatlara görə hesablanmış vergiləri ödəməkdən yayınıblar.

Cinayət işlərinin istintaqı zamanı aldadılaraq adlarına təsis edilmiş müəssisələrdə və fərdi sahibkarlıq subyektlərində maliyyə əməliyyatları həyata keçirən şəxslərin dairəsini müəyyən etmək çətin olsa da, intensiv istintaq hərəkətləri ilə buna nail olunur. Lakin nəzərə almaq lazımdır ki, bu hallarda vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıya bilərlər.

Dövlət Vergi Xidməti belə hallarla mütəmadi mübarizə aparır və vətəndaşları aldadan şəxsləri müəyyənləşdirərək məsuliyyətə cəlb edir. Bu istiqamətdə mübarizənin səmərəliliyinin artırılması üçün vətəndaşların maarifləndirilməsi mühüm əhəmiyyətə malikdir. Odur ki, vətəndaşlara sahibkarlıq fəaliyyəti niyyəti olmadan vergi qeydiyyatına alınmamağı (müəssisə təsis etmək və ya VÖEN əldə etmək) və qeyd edilən şəxslərin vədlərinə inanmamağı tövsiyə edirik", - deyə müraciətdə qeyd olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)