Aqrar

Buğda və qarğıdalı qiymətləri Rusiyanın İzmailə hücumundan sonra kəskin artdı

Ukraynanın taxıl ixracı üçün ən mühüm alternativ yollardan biri olaraq görülən Dunay üzərindəki İzmail limanına Rusiya pilotsuz təyyarələrinin etdiyi hücumdan sonra buğda və qarğıdalı qiymətləri yüksəldi. Bugün Çikaqo Əmtəə Birjasında buğda fyuçers əməliyyatları təxminən 5 faiz, qarğıdalı qiymətləri isə 3,2 faizə qədər artıb.

Odessa vilayətinin qubernatoru Oleh Kiper Telegram-da Rusiya qüvvələrinin dünən gecə Odessa vilayətinin cənub hissəsini pilotsuz təyyarələrlə vurduğunu bildirib.

ENA.az xəbər verir ki, açıqlamada limanın və sənaye infrastrukturunun bəzi hissələrinin alovlandığı, taxıl anbarına ziyan dəydiyi qeyd edilib.

Məlumatlı mənbələr Rusiyanın Ukraynanın taxıl üçün istifadə etdiyi Dunaydakı ən böyük çay limanlarından biri olan İzmailə hücum etdiyini bildirib.

Ukrayna rəsmiləri hücum zamanı anbar, taxıl anqarları, yük terminalındakı yanacaq anbarı, digər anbar və inzibati binaların zərər gördüyünü bildirib. Bundan əlavə, limanın inzibati binasına da ciddi ziyan dəydiyi bildirilib.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)