Bank

Azərbaycandakı "Avropa bankı" necə işləyir? - HESABAT

Nizamnamə kapitalının həcminə (258 milyon 718 min manat) görə, Azərbaycanın TOP-5-liyinə daxil olan özünü Avropa bankı kimi xarakterizə edən “AccessBank” kredit və depozit portfelini artırıb. 

Aktivlərin 71,3%-i kreditlərdədir

Bankın 2023-cü ilin yanvar-iyun ayları üzrə hesabatına görə, aktivləri 12,7% artaraq 1 milyard 317 milyon 305 min manata çatıb. Aktivlərin 71,3%-ni kredit portfeli tutur ki, bu da bankın aktiv kreditləşdirmə siyasəti həyata keçirdiyini göstərir. 

Bu ilin altı ayında bankın kredit portfeli 15,5% artaraq 939,267 milyon manata bərabərdir. Bank istehlak kreditləri üzrə portfelini 28,1% böyüdərək 223,226 milyon manat borc verib. Buna baxmayaraq kredit portfelində biznes kreditlərinin payı daha yüksədir. 710,793 milyon manat biznes kreditləri verib ki, bu da 12,1% artım deməkdir. Aktivlərin 136 milyon 234 min manatı nağd vəsaitlər şəklindədir. 77 milyon manatdan çox vəsaiti isə qiymətli kağızlara yatırılıb. Hesabatdan görünür ki, Bank əlində qalan likvid vəsaitin bir hissəsini diəgr banklarda depozit kimi yerləşdirib. Nəticədə başqa banklardakı depozitlərin həcmi 53,3 faiz artaraq 112 milyon 905 min manata çatıb. 

Öhdəliklərin 83,2 faizi depozitlərdədir

“AccessBank”ın öhdəlikləri 12,1% artaraq 1 milyard 183 milyon 861 min manat məbləğində qiymətləndirilir. Öhdəliklərin 83,2 faizi depozitlərdir. Bunu pul hərəkəti üzrə faiz xərclərinin artmasından da görmək mümkündür. Bu ilin altı ayında Bankın depozit portfeli 14,6% böyüyərək 985,582 milyon manata çatıb. Fiziki şəxslərin əmanətləri 10,8% artaraq 796,626 milyon manat olub. “AccessBank”ın Azərbaycan Mərkəzi Bankına 4 milyon 260 min manat borcu var. Digər maliyyə institutlarından aldığı vəsait isə 136 milyon 426 min manat təşkil edir. Bankın 8 milyon 500 min manat həcmində borc kağızları da mövcuddur. Subordinasiya borc öhdəlikləri 21 milyon 994 min manatdır. 

İyulun əvvəlinə “AccessBank”ın kapitalı 133,444 milyon manata (artım 18,3%) bərabərdir. Məcmu kapitalın həcmi 122 milyon 551 min manatdır, məcmu kapitalın adekvatlıq əmsalı isə 12.26% təşkil edib. 

Mənfəəti artıb 

Bank hesabat dövrünü 2022-ci ilin birinci yarısı ərzində 2 milyon 24 min manat məbləğində zərərə qarşı 19 milyon 469 min manat məbləğində xalis mənfəətlə başa vurub.  Bankın xalis faiz mənəəti 55 milyon 927 min manatdır. qeyri-faiz gəlirləri 8 milyon 363 min manat, qeyri-faiz xərcləri isə 39 milyon 872 min manat təşkil edib. Bankın əməliyyat mənfəəti 24 milyon manat təşkil edib. Mümkün zərərlər üçün bank 4 milyon 949 min manat ehtiyata ayırıb. 

Qeyd edək ki, “AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və aktivlərinin həcminə görə aparıcı bankların ilk onluğunda yer alır. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)