ABŞ-dan F-16 açıqlaması
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan bildirib ki, ABŞ prezidenti Co Bayden Türkiyəyə F-16-ların satışı ilə bağlı Konqreslə məsləhətləşərək bu prosesi irəli aparmağı planlaşdırır. ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan NATO Liderlər Zirvəsinin keçirildiyi Litvanın paytaxtı Vilnüsdə jurnalistlərə açıqlama verib.
ENA.az xəbər verir ki, İsveçin NATO-ya daxil olması ilə bağlı Türkiyənin addımını alqışladıqlarını ifadə edən Sullivan, İsveçi ən qısa zamanda NATO-nun yeni üzvü kimi görmək istədiklərini qeyd edib.
Sullivan İsveçin NATO üzvlüyünü təsdiqlədikdən sonra Türkiyənin ABŞ-dan F-16 tələbi sualı ilə bağlı cavabında Baydenin uzun müddətdir bu satışı dəstəklədiyini dilə gətirdiyini xatırladıb.
F-16-ların Türkiyəyə satışının ABŞ-ın maraqlarına uyğun olduğunu vurğulayan Sullivan, "Bayden Konqreslə məsləhətləşərək bu prosesi irəli aparmaq istəyir", - deyib.
Konqresin F-16-nın Türkiyəyə satışını nə vaxt təsdiq edəcəyini soruşduqda, Sullivan, "Bu mövzuda dəqiq bir tarix deyə bilmərəm, lakin biz Konqres üzvləri ilə əlaqə saxlayırıq" cavabını verib.
Bayden və prezident Rəcəb Tayyib Ərdoğanın bu gün görüşəcəklərinə diqqət çəkən Sullivan görüşdə bir çox ikitərəfli və regional məsələlərin müzakirə ediləcəyini bildirib.
Türkiyənin AB-yə üzvlük prosesi
Sullivan, İsveçin NATO üzvlüyünü təsdiqləyəcəyi təqdirdə Türkiyənin Avropa Birliyinə (AB) üzvlüyünü dəstəklədiklərini vurğulayıb.
Ukraynanın NATO-ya üzvlük üçün müraciəti
Baydenin NATO təmasları çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə də görüşəcəyini vurğulayan Sullivan, Ukraynanın NATO-ya üzvlük müraciəti ilə bağlı bunları qeyd edib:
"Biz NATO müttəfiqlərimizlə Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələr aparacağıq. Lakin prezident Baydenin dediyi kimi, Ukraynanın üzvlüyünü indi təsdiqləmək NATO-nu Rusiya ilə müharibə vəziyyətinə salacaq. Ukraynanın hələ də islahatla bağlı atacağı daha çox addımlar Ukraynanın gələcək üzvlüyü ilə bağlı müsbət mesajdır”.