Kriptovalyuta ekosistemi yeni dövrə qədəm qoyur - EDX açıldı
Fidelity, Schwab və Citadel yeni kriptovalyuta mübadilə platforması EDX Markets-i işə saldılar. ENA.az xəbər verir ki, dünyanın ən böyük aktivlərini idarə edən şirkətlərin bu addımının ekosistemin transformasiyasına işarə edib-etməməsi gündəmə gəlib.
EDX hazırda tam olaraq Exchange deyil, sadəcə ticarət platformasıdır. Amma məlumdur ki, gələcəkdə klirinq mərkəzi də açmağı planlaşdırırlar.
Platformada həm kriptovalyutalar, həm də mövcud valyutalarla əməliyyatlar edilə bilər. İlkin olaraq Bitcoin, Bitcoin Cash, Litecoin və Ethereum əməliyyatları EDX vasitəsilə həyata keçiriləcək.
Citadel, Fidelity və Charles Schwab-ın kriptovalyuta ekosistemində iştirak etməsi isə yeni reallıqlar yaradır. Bu şirkətlər dünyanın ən böyük şirkətləridir. Ən son rüblük hesabata görə, Fidelity-nin 42 milyondan çox fərdi investoru var. Şirkətin idarə etdiyi aktivlərin həcmi 11,1 trilyon dollardır.
İyunun 1-nə Citadel-in idarə olunan aktivləri 59 milyard dollar təşkil edir. Şirkət bütün zamanların ən gəlirli portfel idarəetmə şirkətidir.
Təkcə bunlar deyil, Virtu, Paradigm və Sequoia kimi aktivlərin idarə edilməsi şirkətləri də EDX-in tərəfdaşlarıdır.
SEC bir neçə həftə əvvəl Binance və Coinbase-i məhkəməyə versə də, bu iddialardan sonra EDX-in işə salınması ekosistemin gələcəyi ilə bağlı narahatlıqları inamla əvəz edə bilər.