Bakı-Sumqayıt qatarlarında YENİLİK: Kağız biletlərin satışı dayandırılır, biznes vaqonlar ləğv olunur
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) rəqəmsal ödənişlərin genişləndirilməsi, köşklərdə və kassalarda növbələrin aradan qaldırılması və kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə 01 iyul 2023-cü il tarixindən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara kağız biletlərin satışını dayandırır.
ADY-dən verilən məlumata görə, müvafiq marşrut üzrə qatarlarda gediş NFC-ni dəstəkləyən bank və ya ADY-yə məxsus gediş kartları ilə təmassız və rahat şəkildə həyata keçirilə bilər.
ADY-yə məxsus gediş kartlarını Abşeron dairəvi dəmir yolu marşrutu üzrə fəaliyyət göstərən bütün stansiyaların kassalarından əldə etmək mümkündür. Bir ədəd ADY gediş kartının qiyməti 2 AZN təşkil edir.
Xatırladaq ki, sərnişinlər ADY gediş kartlarından istifadəni dayandırdıqları təqdirdə kartları kassalara təhvil verməklə kart üçün ödənilmiş və balansda olan məbləği geri ala bilərlər.
Bununla yanaşı, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların ekonom vaqonlarında müşahidə olunan sərnişin sıxlığının aradan qaldırılması məqsədilə 01 iyul 2023-cü il tarixindən etibarən biznes vaqonundan ekonom vaqon kimi istifadə olunması təmin olunacaq. Bu halda ödəniş ekonom vaqon üçün müəyyən olunmuş tarif üzrə həyata keçiriləcək.