Alman pərakəndə satış şirkəti Otto Rusiyadakı bütün aktivlərini satıb
Bir il əvvəl Rusiyadan çıxdığını elan edən alman pərakəndə satış şirkəti olan Otto ölkədəki bütün aktivlərini və Tver vilayətindəki iki anbar kompleksini satıb.
“Kommersant” yazır ki, alıcı “Multicold” multitemperatur anbarlarının operatoru olub.
Multicold sövdələşmə faktını təsdiqləsə də, detalları açıqlamayıb. Ekspertlərin fikrincə, sövdələşmə 2,23 milyard rubl təşkil edə bilər. Lakin onlar Multicold-un anbar komplekslərini 50% endirimlə ala biləcəyini istisna etməyiblər.
Alman onlayn pərakəndə satış şirkəti Otto Group 1990-cı ildən Rusiyada fəaliyyət göstərir. Otto Group 2018-ci ildə Otto və Quelle mağazalarını bağlayaraq Rusiyadakı fəaliyyətini qismən məhdudlaşdırmışdı. 2022-ci ildə isə şirkət Rusiya bazarını tamamilə tərk etdiyini açıqlamışdı.
Multicold, 2011-ci ildən anbarların tikintisi və icarəsi ilə məşğul olan RAM Group-a məxsusdur.