Alibaba ChatGPT analoqunu öz xidmətlərinə inteqrasiya edir
Çin internet nəhəngi Alibaba-nın bulud hesablama bölməsi olan Alibaba Cloud öz dil modelini Tongyi Tingwu səs köməkçisinə inteqrasiya etməyə başladığını elan edib. Alibaba Cloud aprel ayında məşhur ChatGPT chatbotunun analoqu olan Tongyi Qianwen-i təqdim edib. Şirkət bildirib ki, Tongyi Tingwu-nun inteqrasiyası sayəsində o, böyük həcmdə məlumatları təhlil edə və istifadəçinin istəyi ilə audio və video məzmunun mətn təqdimatını çıxara biləcək.
Alibaba həmçinin bildirib ki, bundan sonra Tongyi Tingwu istifadəçilər tərəfindən ictimai sınaq üçün əlçatandır. Şirkət DingTalk korporativ messencerinə səsli köməkçini inteqrasiya etmək niyyətindədir. Gələcəkdə o, Tongyi Qianwen-in yeni funksiyalarını, o cümlədən audio və video məzmunun ingilis dilindən Çin dilinə tərcüməsini təqdim etməyi planlaşdırır.
Amerikanın OpenAI şirkəti tərəfindən hazırlanmış ChatGPT chatbotu Çində qadağan edilib. Mart ayında isə Çinin digər internet korporasiyası Baidu ERNIE adlı chatbotun öz versiyasını təqdim edib.