“Günay Bank”ın kreditorlarından tələblər bu tarixədək qəbul olunur
“Günay Bank” ASC-nin ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fondu bankın kreditorlarının tələblərini 18 iyul 2023-cü il tarixinədək qəbul edəcək.
ENA.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Günay Bank” ASC-nin lisenziyası 17 may 2023-cü il tarixindən etibarən ləğv edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
“Günay Bank” ASC 1992-ci ildə fəaliyyət üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir. Bankın maliyyə hesabatına əsasən, 2023-cü il aprelin 1-nə onun aktivləri 274,3 milyon manat, kredit portfeli 200,9 milyon manat təşkil edib. 2023-cü il martın 31-nə “Günay Bank”ın kapitalı 67 milyon 978,28 min manat (artım 0,6%), nizamnamə kapitalı 64 milyon 910,093 min manat məbləğində (dəyişməyib) qiymətləndirilib.