Hesabatlar

Dövlət şirkətləri büdcəyə nə qəfər dividend ödəyiblər? - RƏSMİ

Dövlət şirkətləri 2022-ci ildə dövlət büdcəsinə 130 milyon 656,8 min manat dividend ödəyib. Bu, 2021-ci ilin göstəricisindən 2,9% çoxdur.

ENA.az Hesablama Palatasına istinadən məlumat verir ki, 2022-ci ildə səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə plan 122,7% yerinə yetirilib.

2022-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” ASC dövlət büdcəsinə 120 milyon 458,8 min manat dividend (plandan 20,5% çox) ödəyib, 2021-ci illə müqayisədə 2022-ci ildə azalma 0,3% təşkil edib.

Bundan başqa, “Aqrarkredit” QSC 198 min manat (2022-ci ildə dividend ödənişi planlaşdırılmamışdı), “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 10 milyon manat dividend (2 dəfə) ödəyib.

Hesablama Palatası qeyd edir ki, 2022-ci ildə “Azər-Türk Bank” ASC tərəfindən dividend ödənişi 1,5 milyon manat məbləğində proqnozlaşdırılmışdı. Bankın 2021-ci ili 554 min manat xalis mənfəətlə başa vurmasına baxmayaraq, həmin məbləğ dividend kimi səhmdarlara ödənilməyib və bankın kapital hesablarına aid edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)