Qarabağ

Paşinyan: "İyunun 1-də sənəd imzalansa, çox sevinərəm"

İyunun 1-də Ermənistanla Azərbaycan arasında hər hansı sənəd imzalansa, şad olaram.

ENA.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Mayın 3-də parlamentdə “Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyan baş nazirə ABŞ-Azərbaycan-Ermənistan, habelə Rusiya-Azərbaycan-Ermənistan rəsmiləri arasında üçtərəfli görüşlə bağlı sual verib.

Paşinyan deputatın sualına cavab olaraq bildirib ki, onun parlamentə təqdim etdikləri Vaşinqtonda müzakirə olunur:

"Masada Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı təkliflər sənədi var. Mən Xarici İşlər Nazirliyinə tapşırdım ki, sizi Azərbaycanın və Ermənistanın təklifləri ilə, bu sənədlə tanış etsin, siz istəmədiniz".

Müxalif deputat Praqada keçirilən görüş formatında, Vaşinqtonda müzakirə olunan sənəd əsasında iyunun 1-də Kişinyovda Azərbaycan və Ermənistan arasında hər hansı sənədin imzalanmasının mümkün olub-olmadığını soruşub.

"Belə olsa, çox sevinərəm. Bunlar pis xəbər deyil, yaxşı xəbərlərdir. Danışıqlar davam etdiyi üçün deyəcəyim hər hansı müsbət və ya mənfi şərh onların gedişatına təsir edəcək. Mən Vaşinqtona səfər edən rəsmilərə dedim ki, sərbəst danışıqlar aparsınlar və ictimaiyyətə açıqlanan fikirlərimiz çərçivəsində vurğuladım - siz bilməlisiniz ki, Azərbaycanla danışıqlar apardığınız sənədi mən imzalayacam”, - Paşinyan bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)