Bank

Mərkəzi Bank valyuta aktivlərinin idarə edilməsindən 42 milyon dollar xalis zərər edib

Qlobal maliyyə bazarlarında müşahidə olunan əlverişsiz mühit Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının idarə edilməsinin nəticələrinə də təsirsiz ötüşməyib.

Bu barədə ENA.az 2022-ci il üzrə Azərbaycan Mərkəzi Bankının illik hesabatına istinad edir.

Belə ki, aparıcı mərkəzi bankların siyasət faiz dərəcələrini kəskin artırması fonunda qlobal borc qiymətli kağızlarının bütün seqmentləri üzrə qiymətlər düşüb. Yüksələn bazar faiz dərəcələri Mərkəzi Bankın investisiya portfelinin əhəmiyyətli hissəsini təşkil edən qısamüddətli maliyyə alətlərinin daha yuxarı faizlə yenidən investisiyasına imkan yaratmaqla faiz gəlirlərini artırsa da, nisbətən uzunmüddətli perspektiv üçün investisiya edilən risksiz və yüksək kredit keyfiyyətli borc qiymətli kağızları üzrə realizə olunmamış yenidənqiymətləndirmə zərərlərinin yaranmasına gətirib çıxarıb.

Nəticədə, 2022-ci ilin sonuna Mərkəzi Bankın valyuta aktivlərinin idarə edilməsindən xalis zərəri 41.8 mln. ABŞ dolları, gəlirlilik isə  mənfi 0.53% olub.

Qeyd edilir ki, yüksələn bazar faiz dərəcələri növbəti illərdə Mərkəzi Bankın valyuta aktivlərinin idarə edilməsindən əldə olunacaq gəlirlərin əhəmiyyətli artırılmasına imkan verəcəkdir.

2022-ci ildə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları isə 1.9 mlrd. ABŞ dolları və ya 27% artaraq 9.0 mlrd. ABŞ dolları təşkil etmişdir. Daxili bazardan valyuta alışları valyuta ehtiyatlarına artırıcı, əsasən məzənnə fərqi isə azaldıcı təsir göstərmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)