Türkiyə elektromobillər üçün akkumulyator istehsal edəcək
Türkiyənin qərbində yerləşən Bursa vilayətinin Gemlik rayonunda elektromobillər üçün akkumulyatorların istehsalı üzrə zavodun tikintisinə başlanılır. Bu obyekt “Türkiyə avtomobilləri” (“Togg”) təşəbbüs qrupu və Çinin “Farasis” energetika kompaniyası ilə tərəfdaşlıq şəraitində tikilir.
Zavodun təməlqoyma mərasimi aprelin 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilib. Tədbirdə çıxış edən dövlət başçısı bildirib ki, müəssisənin tikintisinə 30 milyard türk lirəsi (1.55 milyard dollar) vəsait qoyulacaq. Onun sözlərinə görə, zavodun istehsal edəcəyi akkumulyatorların istifadə spektri genişdir və onlar təkcə avtomobil sənayesində istifadə olunmayacaq.
Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi hesab edir ki, bu müəssisə ölkənin istehsal etdiyi “Togg” elektromobillərinin dünya bazarında mövqeyinin güclənməsinə mühüm töhfə verəcək. Yeni obyektin sahəsi 607 min kvadratmetrdir və Bursadakı “Togg” avtomobil zavodunun yaxınlığında yerləşəcək. Müəssisənin istifadəyə verilməsi 2024-cü ilin sonunda nəzərdə tutulur. 2031-ci ildə isə onun istehsal gücünün saatda 20 QVt-yə çatdırılması planlaşdırılır.