Avtomobil

“Nissan” 2030-cu ilə qədər 27 yeni model təqdim edəcək

“Nissan Motor Co” şirkəti 2030-cu ilə qədər 19-u elektromobil də daxil olmaqla 27 yeni avtomobil modelini, 2024-cü ilə qədər isə xüsusi olaraq Çin bazarı üçün elektrikli avtomobil modelini təqdim etmək niyyətindədir.

ENA.az xəbər verir ki, bu, avtokonsernin bazar ertəsi ictimailəşdirdiyi strategiyada öz əksini tapıb.

“Nissan Ambition 2030”nin uzunmüddətli vizyonunu gerçəkləşdirərək səyahət üsullarını təkmilləşdirmək ... niyyətindəyik. Bütün imkanları araşdırmaq niyyətindəyik və elektrikləşdirmə strategiyamızı genişləndirmək təşəbbüslərimizi elan edirik“, - sənəddə qeyd olunub.

Plana əsasən, 2030-cu il aprelin 1-dən başlayacaq 2030-cu maliyyə ilinə qədər avtomobil istehsalçısı 19-u elektromobil olmaqla 27 yeni modeli təqdim etməyi planlaşdırır. Bundan əlavə, 2024-cü il aprelin 1-dən başlayaraq 2024-cü maliyyə ilində şirkət eksklüziv olaraq Çin bazarı üçün elektrikli avtomobil modelini təqdim etməyi nəzərində tutub.

2026-cı ilə qədər avtomobil istehsalçısı elektrik və hibrid avtomobillərin inkişafına 2 trilyon iyen (təxminən 14,7 milyard dollar) sərmayə qoymağı planlaşdırır. Avtokonsern 2026-cı ilə qədər hibridlər də daxil olmaqla elektromobillərin payını Yaponiyada satışların 58 %-ə, Avropada isə 98 %-ə çatdırmağı hədəfləyəcək.

Bundan başqa, 2030-cu ilədək elektromobillərin payı şirkətin yeni avtomobillərinin dünya satışlarında 55 %-ə çatmalıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)