Bakı Limanında gübrə terminalıbu tarixdə istifadəyə veriləcək
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nda gübrə terminalı bu ilin ikinci rübündən sonra istifadəyə veriləcək.
Bunu Bakı Limanının Strateji Planlama və İnkişaf Departamentinin müdiri Xudayar Həsənli bildirib.
“Gübrə terminalının yaradılması çərçivəsində tikinti işləri ilin birinci rübündə başa çatacaq və bundan sonra test işləri aparılacaq. Tam şəkildə yüklərin qəbuluna ilin ikinci rübündən sonra başlanılacaq”, – Xudayar Həsənli qeyd edib.
Onun sözlərinə görə, terminalın illik gücü 2,5 mln. ton olacaq. Bu terminalın tikintisi ilə qısa və ortamüddətli perspektivdə 2 mln. ton üzərində yüklərin cəlb olunması proqnozlaşdırılır.
“Biz ildə 1 mln. ton civarında gübrə məhsulları aşırırıq, amma yeni terminal istifadəyə verildikdən sonra daha çox gübrə aşırmaq imkanımız olacaq. Hazırda sadəcə Türkmənistan gübrəsini açıq səpkili formada qəbul ediriksə, terminal işə salındıqdan sonra digər Orta Asiya ölkələrindən məhsullar, məsələn, Qazaxıstan gübrəsini də cəlb etməyi düşünürük. Bu istiqamətdə də işlər aparırıq”, – Departamet rəhbəri vurğulayıb.
Eyni zamanda, Bakı Limanında ağır yüklər terminalının və körpünün modifikasiya və transformasiyası aparılır, bu da əlavə konteynerləşmiş yüklərin aşırılmasına imkan yaradacaq.
“Bu ilin birinci rübündən sonra bu terminalda artıq konteyner aşırma imkanları da olacaq. Rusiya-Ukrayna münaqişəsindən sonra Qazaxıstan və Çindən gələn konteyner yüklərinin ikinci böyük dalğası ola bilər. Biz də Liman olaraq bununla bağlı qabaqlayıcı tədbirlər apararaq, digər terminalda konteyner aşırma imkanları yaradırıq ki, növbəti yük axınlarında bunları sürətli, dayanıqlı və fasiləsiz şəkildə aşırıb, Qərb və ya Şərq istiqamətinə ötürə bilək”, – Xudayar Həsənli bildirib.
O əlavə edib ki, ağır yüklər terminalında aparılan işlər nəticəsində Bu Limanın konteyner aşırılması imkanlarını 35 min TEU konteyner (20 fut ekvivalentində) artıracaq.