Gündəm

İstilik sayğaclarının quraşdırılmasına başlanıldı

“Azəristiliktəchizat” ASC istehsal və əməliyyat səməriliyini artırmaq, uçot sistemini təkmilləşdirmək, həmçinin istilik enerjisindən səmərəli istifadəni stimullaşdırmaq və fəaliyyətini müasirləşdirmək məqsədilə istilik və isti su sayğaclarının quraşdırılması işlərinə başlamışdır.

Bu barədə qurumdan məlumat verilib.

Bu məqsədlə ilkin olaraq 60 istilik sayğacının satınalınması prosesi yekunlaşdırılmış və pilot layihə çərçivəsində qeyri-əhali abonentləri üçün quraşdırılması təmin ediləcəkdir. Layihə nəticəsində istilik və isti su məqsədləri üçün istilik enerjisinin istehsalının və çatıdırlmasının resurs və maliyyə tələbi daha dəqiq müəyyən olunacaq, xidmət keyfiyyətinin yüksəldilməsi, istehsal prosesinin daha səmərəli təşkili təmin edilməklə, istehlakçı məmnunluğunun artırılması üçün əsaslı zəmin yaradılması mümkün olacaqdır.

Bundan başqa, isti su təchizatının sayğaclaşdırılması ilə bağlı əlavə tədbirlər görülməkdədir və mövcud isti su sayğaclarının yenilənməsi üçün Azərbaycanda yeganə yerli sayğac istehsalçısı olan “Gəncə Cihazqayırma zavodu” ASC ilə qanunvericiliyə uyğun olaraq 3500 ədəd isti su sayğacının alınmasına dair müqavilə imzalanıb və artıq sayğacların yenilənməsi işlərinə başlanmışdır.

Hazırda istilik sayğacları quraşdırılmadığı hallarda istilik təchizatı xidmətləri əhali istehlakçıları üçün mənzilin 1 kvadrat metr yaşayış sahəsinə görə, qeyri əhali istehlakçıları üçün binanın 1 kub metr tikinti həcminə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 04 nömrəli qərarına əsasən müəyyən etdiyi tariflərlə hesablanır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)