Avropa Bankı ölkəmizə qoyduğu sırmayənin həcmini açıqladı
Ötən il Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda 9 layihəyə 86 milyon avro sərmayə qoyub.
EBRD yaydığı məlumata görə, bu investisiyaların əksər hissəsi özəl sektora, yəni 71 %-i ölkənin "yaşıl" iqtisadiyyatına və bərpa olunan enerji və dayanıqlı infrastrukturdan tutmuş telekommunikasiya, media və texnologiyaya (TMT) qədər müxtəlif sektorlara olub.
2022-ci il ərzində EBRD Azərbaycanın enerji mənbələrini şaxələndirmək məqsədinə əhəmiyyətli töhfə verib. İnvestisiyalar baxımından bank ölkənin ilk özəl, geniş miqyaslı və 558 gigavat/saat "yaşıl" elektrik enerjisi istehsal etməsi nəzərdə tutulan Qaradağ günəş elektrik stansiyasının tikintisini birgə maliyyələşdirib.
"Eyni zamanda bank bərpa olunan enerjinin daha da inkişaf etdirilməsi, sector üzrə aşağı karbon yolunun tətbiqi, milli elektrik şəbəkəsinin təkmilləşdirilməsi, enerji səmərəliliyinin artırılması, metan emissiyalarının azaldılması və innovativ texnologiyaların mərhələli şəkildə tətbiqi üçün Energetika Nazirliyi ilə tərəfdaşlığını bir daha təsdiqləmişdir.
Bank, həmçinin EBRD-nin "Yaşıl Şəhərlər" proqramı çərçivəsində Gəncə şəhərində tullantıların idarə olunması sistemini və şəhərin küçələrinin işıqlandırılmasını yaxşılaşdırmaq üçün iki layihə ilə davamlı infrastrukturun inkişafında aktiv rol oynayıb. Azərbaycanın ikinci ən böyük şəhərində yaşayan 300 mindən çox insan öz şəhər mühitinin yaxşılaşdırılmasından faydalanacaqdır.
Azərbaycanın təchizat zəncirinin dayanıqlığını dəstəkləmək və daha geniş Orta Dəhliz tranzit potensialını artırmaq üçün logistik infrastruktura investisiya qoyulub. Bank özəl müştərisinə enerjiyə qənaət edən quru və soyuducu anbarların tikintisi üçün kreditlər ayırıb", - məlumatda deyilir.
Qeyd olunub ki, 2022-ci il həmçinin EBRD üçün Azərbaycanda bir çox ilklərlə də əhəmiyyətli olub. Avropa İttifaqının (Aİ) dəstəyi ilə bank istifadə müddəti bitmiş və atılması nəzərdə tutulan batareyaları təkrar emal edən şirkətə kömək edərək ilk dairəvi iqtisadiyyat layihəsini maliyyələşdirib.
Rəqəmsallaşma baxımından bank ölkənin regionlarında 280 mindən çox ev təsərrüfatına ən müasir genişzolaqlı infrastrukturu yaymaq üçün TMT sektoruna Aİ ilə ilk birgə sərmayəsini edib.
Bank həmçinin Kiçik Bizneslər üçün Məsləhət Proqramı və Ticarətin Asanlaşdırılması Proqramı (TFP) vasitəsilə kiçik və orta biznes müəssisələrini (KOB) dəstəkləyib. Beş illik fasilədən sonra EBRD tərəfdaş bankı ilə ticarətin maliyyələşdirilməsi zəmanətini yenidən aktivləşdirdi və ilk əməliyyatını həyata keçirdi.
2022-ci ildə bank həmçinin Azərbaycanda öz potensiallarını tam şəkildə üzə çıxarmaqda kömək etmək üçün perspektivli startapları, akseleratorları və məsləhətçiləri hədəfləyən "Star Venture" proqramına başladı. Müxtəlif sahələri təmsil edən 180-dən çox startap ərizə təqdim etmiş, onlardan üçü seçilmiş və hər biri 50 min ABŞ dolları məbləğində qrantla mükafatlandırılıb.
Ötən ildə həmçinin EBRD-nin prezidenti Odil Renaud-Bassonun Bakıya ilk səfəri baş tutdu. Səfər çərçivəsində ölkə rəsmiləri, diplomatik korpuslar, digər beynəlxalq maliyyə institutlarının (BMİ) rəhbərləri, mövcud və potensial özəl sektor müştəriləri ilə görüşlər olub.
EBRD-nin Şərqi Avropa və Qafqaz üzrə İdarəedici Direktoru Matteo Patrone gələcəyə nəzər salaraq qeyd etdi: “Biz Azərbaycanla istər "yaşıl" maliyyə, istər iqtisadi inklüzivlik, istər dayanıqlı infrastruktur, istərsə də rəqəmsallaşma sahəsində gələcək əməkdaşlığımıza dair kifayət qədər nikbinik. Bankın 2022-ci ildə Azərbaycanla əməkdaşlığı gələcək əməkdaşlıq üçün çox güclü zəmin yaradır”.
EBRD Azərbaycanda aparıcı institusional investordur və burada 187 layihəyə 3,6 milyard avro sərmayə qoyub. Bankın ölkədəki strategiyası Azərbaycan iqtisadiyyatını şaxələndirməyə və qeyri-neft özəl sektorunu inkişaf etdirməyə kömək etməkdən ibarətdir.