Sənaye

“Şahdəniz” yatağında yeni kəşfiyyat quyusunun qazılmasına başlanılıb

Bu gün BP şirkəti Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş (ŞD HPBS) çərçivəsində “Şahdəniz” müqavilə sahəsində yeni bir kəşfiyyat quyusunun (SDX-8) qazılmasına başlanılıb.

Bu barədə Şahdəniz” yatağının operatoru “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Bildirilib ki, SDX-8 quyusu “Heydər Əliyev” adına yarımdalma qazma qurğusu vasitəsilə qazılır. Qurğu bu quyunun “Şahdəniz” yatağının şərq cinahında yerləşən qazma ərazisinə 2022-ci ilin dekabr ayında gətirilib.

Quyunun ümumi dərinliyinin təxminən 7 000 metr olacağı nəzərdə tutulur.

"Uğurlu olacağı təqdirdə, bu quyu şərq cinahda hazırda istismarda olan məhsuldar layların altındakı daha dərin horizontların qazma xüsusiyyətləri, hasilat imkanları və qaz ehtiyatları potensialı haqqında daha aydın təsəvvür yaradacaq.

Quyunun qazılması təxminən bir il çəkəcək. Lakin mümkündür ki, nəticələri qiymətləndirmək məqsədilə lazım ola biləcək sınaq proqramı aparmaq üçün bu müddət daha uzun olsun", - məlumatda deyilir.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİCO (10 %) "SGC Upstream" (6,7 %) şirkətləri iştirak edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)