Azərbaycanda bu avtomobillərə görə pul veriləcək
Azərbaycanda avtomobillərin 80 faizindən çoxunun yaşı 10 ili ötür. Eyni zamanda yollarda xeyli sayda istismar müddətini başa vurmuş maşınları görmək mümkündür. Bu avtomobillərin bir çox fəsadları var.
Ekoloq İslam Mustafayev AZTV-yə bildirib ki, Azərbaycanda hava çirklənməsində avtomobil, nəqliyyat sektorunun payı 80 faizdən çoxdur: “Mühüm məsələ budur ki, avtomobillərin normal istismar müddəti bitib. Bu da dəm qazı, karbohidrogenlər, azotoksidləri və digər qazların sürətli və böyük həcmdə buxarılması ilə nəticələnir”.
Sözügedən avtomobillərin ekoloji vəziyyətə göstərdiyi mənfi təsir getdikcə artmaqdadır. Bundan əlavə ölkədə yol qəzalarının 70 faizi məhz bu avtomobillərin payına düşür. Nəzərə alsaq ki, köhnə maşınları qadağan etmək mümkün deyil, problemin həlli yolları maraqla gözlənilir.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, bəzi avtomobillər ekoloji cəhətdən öz dövrünü çoxdan başa vurub: “Çoxlu yanacaq işlədirlər, tullantı qazlarının miqdarı qüvvədə olan heç bir standarta uyğun deyil. Bu maşınların yollarda olması qəzaların başvermə riskini artırır”.
Nəzərə almaq lazımdır ki, istismar müddəti başa çatmış avtomobillər həm ekologiyaya ziyan vurur, həm də sürücülərin ciblərinə də ziyandır. Belə olan halda köhnə avtomobillərin utilizasiyası prosesi gündəmə gəlir. Vətəndaşlar bəhs etdiyimiz avtomobilləri dövlətə təhvil verməklə həm yeni avtomobil almaq üçün şans qazanacaq, həm də ekologiyanın çirklənməsinin qarşısını alacaqlar.
Bu layihənin həyata keçirilməsi zamanı vətəndaşları maraqlandıran məsələlərdən biri köhnə avtomobillərin hansı qaydada utilizasiyaya göndəriləcəyi, hansı şərtlərlə yeni avtomobilləri ala biləcəyidir. Məsələnin aktuallığını nəzərə alaraq BAKU.WS Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə sorğu göndərib.
Nazirlikdən bildirilib ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 7.3.7.1-ci bəndinə əsasən “Nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi” istiqamətində işlər davam etdirilir:
“Proqram çərçivəsində nəqliyyat vasitələrinin utilizasiyasının tam könüllülük əsasında həyata keçirilməsi, o cümlədən bu istiqamətdə müəyyən stimullaşdırıcı tədbirlər nəzərdə tutulur.
Belə ki, vətəndaş könüllü şəkildə nəqliyyat vasitəsini utilizasiyaya verdikdən sonra ona təqdim ediləcək təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş avtomobil almaq istədikdə müəyyən qədər güzəşt əldə edəcək. Bundan başqa, təsdiqedici sənəd əsasında müəyyən məbləğin birdəfəlik ödəniş kimi alınması imkanı da nəzərdə tutulmuşdur.
Layihə hazırda dövlət qurumları ilə razılaşdırma mərhələsində olduğundan layihənin detalları barədə ətraflı məlumat aidiyyəti normativ sənədlər təsdiq edildikdən sonra veriləcək”.