Qazaxıstan Rusiya ilə rubl və tengenin qarşılıqlı konvertasiyasını ləğv etmək istəyir
Qazaxıstan Rusiya Federasiyası ilə milli valyutaların – rubl və tengenin qarşılıqlı konvertasiyasını və sabitliyini təmin etmək tədbirləri haqqında sazişi ləğv etməyi planlaşdırır. Müvafiq sənəd Qazaxıstanın qanun layihələri konsepsiyalarının və normativ hüquqi aktlarının layihələrinin rəsmi portalında ictimai müzakirə üçün yerləşdirilib.
Bu barədə xarici media yazır.
Qazaxıstan Xarici İşlər Nazirliyinə Astananın 1995-ci il 20 yanvar tarixli sazişi denonsasiya etmək planları barədə Rusiya Nazirlər Kabinetinə bildiriş göndərmək tapşırılıb.
Bu müqaviləyə əsasən, Rusiya və Qazaxıstan qarşılıqlı konvertasiyaya nail olmaq üçün rubl və təngənin bir-birinə, eləcə də sərbəst dönərli valyutalara nisbətdə məzənnələrini mərhələli şəkildə sabitləşdirmək üçün tədbirlər görəcəklər.
Ötən ilin sonunda Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi Astananın Rusiya əleyhinə sanksiyaları dəstəkləmədiyini bildirmişdi. Bununla belə, o, Qazaxıstanın Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərdən yan keçməyə kömək etmək niyyətində olmadığını vurğulamışdı.