Ər-Riyadda dünyanın ən hündür binası tikiləcək
Səudiyyə Ərəbistanı paytaxt Ər-Riyadda dünyanın ən hündür binasını tikəcək.
ENA.az xəbər verir ki, bu barədə “Middle East Economic Digest” (MEED) nəşri məlumat yayıb.
Ər-Riyad göydələninin hündürlüyü iki min metr olacaq və bu, hazırda dünyada göstəricisinə görə rekord sayılan Dubayın “Bürc Xəlifə” binasından iki dəfədən də artıqdır. “Bürc Xəlifə”nin hündürlüyü 828 metrdir.
MEED-in xəbərində qeyd olunub ki, göydələn Ər-Riyadın ətrafında salınan və Səudiyyə İctimai İnvestisiya Fondu tərəfindən maliyyələşdirilən 18 kilometrlik yeni biznes mərkəzində tikiləcək. Bu ərazi Kral Xalid Beynəlxalq Hava Limanının yaxınlığında yerləşir. Regionun inşaat mütəxəssisləri bildiriblər ki, dünyanın ən hündür binasının tikintisi rekord məbləğə - təqribən 5 milyard dollara başa gələcək. Artıq arxitektorlar, dizaynerlər və tikinti üzrə mütəxəssislər 1 milyon dollar giriş haqqı ödəmək şərti ilə qüllənin layihəsinin hazırlanmasında iştirak etmək üçün müsabiqəyə dəvət alıblar. Onların arasında “Skidmore”, “Owings & Merrill” (SOM), “Adrian Smith və Gordon Gill Architecture” kimi böyük kompaniyalar var.