Avtomobil

BNA: “1 manatlıq” taksilər yollarda xaotik vəziyyət yaradır

Bakıda qanunsuz sərnişin daşıma vasitələrinin mövcudluğu və onların yaratdığı mənzərə leqal sərnişin daşımalara ciddi maneə törədir.

Bunu xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

M.Ağayev qeyd edib ki, sərnişinlərin “1 manatlıq” taksilərdən istifadəsi yollarda xaotik vəziyyət yaradır:

“20 yanvar” və “Koroğlu” metrostansiyaları istiqamətində hər gün axşam və səhər saatlarında xaotik vəziyyət müşahidə olunur. Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Bakının müxtəlif kəndləri istiqamətində hərəkət edən avtobuslar var. Amma insanlar metrodan çıxıb müəyyən bir məsafəni qət edərək həmin mübadilə mərkəzinə getmək istəmir və “1 manatlıq taksilər”dən və ya digər qanunsuz sərnişindaşıma vasitələrindən istifadə edir. Nəticədə həm yolda xaotik vəziyyət yaranır, həm daşıyıcı sərnişin itirir və daşıyıcı sərnişin itirəndə də onun gəlirləri azalır. Elə görünür ki, həmin ərazidə avtobus yoxdur. Əslində isə belə deyil. Həmin sərnişinlər Nəqliyyat Mübadilə Mərkəzinə yönəlsə, onları daşımaq üçün avtobus da olacaq. Bu gün Bakıda istehsalat bazalarında kifayət qədər avtobus var”.

M.Ağayev əlavə edib ki, bəzi hallarda qanunsuz sərnişin daşıma vasitələri dayanacaqların ətrafında elə bir süni tıxac halı yaradır ki, avtobusların o məntəqələrə giriş-çıxışında çətinlik olur: “Nəticədə sərnişinlər həmin “1 manatlıq” taksilərdən istifadə edirlər”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)