"Avtomat ötürücü qutulu maşınların qiyməti 17 min manatdan başlayacaq"
"Fevral ayından etibarən Neftçala Sənaye Məhəlləsində yerləşən “Xəzər” Avtomobil Zavodunda “Peugeot” markalı avtomobillərin istehsalına başlanacaq".
Bunu açıqlamasında “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib.
E.Axundovun sözlərinə görə, yeni avtomobillər avtomat ötürücü qutusu ilə təchiz olunacaq: “Yeni avtomobillər “Peugeot Xəzər” adlanacaq. Mühərrikin həcmi həm 1600 kubsantimetr, həm də 1700 kubsantimetr olan avtomobillər olacaq. Avtomobillərin qiymətləri siniflərdən asılı olaraq 17 -21 min manat arası dəyişəcək”.
“Azərmaş” rəsmisi qeyd edib ki, növbəti illərdə elektrikli avtomobillərin də istehsalına başlanması planlaşdırılır: “Elektriklə çalışan avtomobillərin istehsalı planlaşdırılır, sadəcə bu ilin məsələsi deyil. Onun texnologiyası tamamilə fərqlidir. Onun üzərində bir az işləmək lazımdır. Müəyyən avadanlıqlar alınmalıdır. Amma planımızda var”.
E.Axundov əlavə edib ki, artıq aşağı büdcəli avtomobillərin istehsalına başlanılıb: “Artıq bu avtomobillərin istehsalına başlanıb və nəhayət satışa çıxarılıb. “Xəzər LX” adlanan bu avtomobillərin qiyməti 13-14 min manat arasında dəyişir”.