“Biz Ermənistana 5 rayonu qaytarmağı, Kəlbəcər və Laçını isə saxlamağı təklif etdik” - Putin
Rusiya Ermənistana təklif etdi ki, Azərbaycanla anlaşıb 5 rayonu ona qaytarsın, Qarabağla əlaqə üçün iki böyük rayonu (Kəlbəycar və Laçın - red.) saxlasın, lakin İrəvan öz yolu ilə getdi.
ENA.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin cümə axşamı Valday klubunun iclasında deyib.
“Biz uzun illərdir ki, erməni tərəfi ilə dialoq aparırıq və Qarabağla bağlı məsələnin həllini təklif etmişik”, - Putin bildirib.
Onun sözlərinə görə, Ermənistan faktiki olaraq Azərbaycanın 7 rayonuna nəzarət edirdi. Rusiya tərəfi münasibətləri normallaşdırmaq üçün onsuz da məskunlaşmamış 5 rayondan imtina etməyi təklif edib. Bundan sonra Moskva hansısa mərhələdə hesab edirdi ki, Azərbaycan tərəfi ilə razılaşmaq, qalan 2 rayonu Qarabağla ünsiyyət naminə saxlamaq olar.
“Biz inanırdıq ki, bu, ədalətli olardı... bu, bütövlükdə regionda vəziyyətin normallaşması istiqamətində yaxşı addım olardı”, - Putin bildirib.
Rusiya lideri qeyd edib ki, Ermənistan rəhbərliyi təklifə məhəl qoymayaraq öz yolu ilə gedib və bu, hazırda yaranmış vəziyyətə gətirib çıxarıb.