ARDNF dövlət büdcəsinə transferti azaldıb
2022-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin mədaxili 22401.4 milyon manat, xərcləri 20470.7 milyon manat olub, 1930.7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Bu barədə Nazirlikdən bildirilir.
Gəlirlər
2022-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin gəlirləri 22401.4 milyon manat və ya doqquz aylıq proqnoza qarşı 418.6 milyon manat (1.9 faiz) çox icra olunub. Bu 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4529.8 milyon manat və ya 25.3 faiz çoxdur.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 10451.4 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 970.7 milyon manat və ya 10.2 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 4097.0 milyon manat və ya 64.5 faiz çoxdur. Daxilolmaların 59.2 faizi və yaxud 6191.7 milyon manatı qeyri-neft sektorunun payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1498.9 milyon manat və ya 31.9 faiz çox olub.
Daxilolmaların qalan 40.8 faizi və yaxud 4259.7 milyon manatı neft sektorunun payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2598.1 milyon manat və ya 2.6 dəfə çox olub.
Bütövlükdə cari ilin doqquz ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə proqnoza nisbətən artıq daxil olan vəsaitin 20.2 faizi və yaxud 195.9 milyon manatı qeyri-neft sektorunun, 79.8 faizi və yaxud 774.8 milyon manatı neft sektorunun payına düşüb.
2022-ci ilin doqquz ayı ərzində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 4227.5 milyon manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 650.3 milyon manat və ya 18.2 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 1034.3 milyon manat və ya 32.4 faiz çoxdur.
Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən dövlət büdcəsinə 580.8 milyon manat vəsait daxil olub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 126.8 milyon manat və ya 27.9 faiz çoxdur.
Məqsədli büdcə fondlarının (“Avtomobil yolları” Məqsədli Büdcə Fondu və Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu) vəsaitinin qalığının həmin fondların gəlirlərinə aid olan hissəsi 183.3 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 110.9 milyon manat və ya 2.5 dəfə çoxdur.
Sair daxilolmalar üzrə dövlət büdcəsinə 416.4 milyon manat vəsait daxil olub.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 8082.7 milyon manat məbləğində transfertə qarşı 6542.0 milyon manat məbləğində transfert daxil olub. Hesabat dövründə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalarda müşahidə olunan müsbət dinamika Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 1540.7 milyon manat və ya 19.1 faiz az istifadə olunmasına imkan verib.
2022-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin gəlirləri 4502.0 milyon manat icra olunub.
Hesabat dövründə dövlət büdcəsinin profisiti proqnozlaşdırılan 943.7 milyon manatdan 987.0 milyon manat artıq olmaqla 1930.7 milyon manat təşkil edb.
Xərclər
2022-ci ilin doqquz ayı ərzində dövlət büdcəsinin xərcləri 21039.2 milyon manat proqnoza qarşı 20470.7 milyon manat və ya 97.3 faiz icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2758.7 milyon manat və ya 15.6 faiz çoxdur.
Dövlət büdcəsi xərclərinin 12669.4 milyon manatı və ya 61.9 faizi cari xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 1194.4 milyon manat və ya 10.4 faiz çox), 6608.3 milyon manatı və ya 32.3 faizi əsaslı xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 1884.8 milyon manat və ya 39.9 faiz çox), 1193.0 milyon manatı və ya 5.8 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2021-ci ilin eyni dövrü ilə müqayisədə 320.5 milyon manat və ya 21.2 faiz az) yönəldilib.
Cari ilin doqquz ayı ərzində sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 41.2 faizini təşkil etməklə 8442.0 milyon manat məbləğində icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 786.9 milyon manat və ya 10.3 faiz çoxdur.
2022-ci ilin doqquz ayında 2021-ci ilin eyni dövrünə nisbətən iqtisadi fəaliyyət xərclərinə 60.5 faiz və ya 1668.9 milyon manat (əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası və dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri təşkil edir.), mənzil və kommunal təsərrüfatı xərclərinə 33.2 faiz və ya 40.1 milyon manat, təhsil xərclərinə 18.9 faiz və ya 378.9 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 15.9 faiz və ya 219.0 milyon manat, ətraf mühitin mühafizəsi xərclərinə 15.3 faiz və ya 22.1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 14.2 faiz və ya 35.4 milyon manat, səhiyyə xərclərinə 3.3 faiz və ya 37.0 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 3.1 faiz və ya 80.4 milyon manat çox vəsait yönəldilib.
2022-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 5136.0 milyon manat icra olunub.
Cari ilin doqquz ayı ərzində dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi, əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib.
İcmal büdcə
2022-ci ilin doqquz ayı ərzində icmal büdcənin gəlirləri 29719.8 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 6698.4 milyon manat (29.1 faiz), xərcləri isə 22569.6 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3107.2 milyon manat (16.0 faiz) çox icra olunub.
Cari ilin doqquz ayı ərzində icmal büdcədə 7150.2 milyon manat büdcə artıqlığı (profisit) yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3591.2 milyon manat və ya 2.0 dəfə çoxdur.