Yeni sədrdən - İLK AÇIQLAMA
“İnanıram ki, təcrübəm qurumun işinə öz töhfəsini verəcək”
“Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri Azər Allahverdi oğlu Əliyev "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinə sədr təyin edilib. Yeni təyinatla bağlı qərar qurumun Müşahidə Şurasının (MŞ) iclasında qəbul edilib.
“Bildiyiniz kimi cari ildə assosiasiya nizamnaməsində dəyişiklik edilib və bu ildən etibarən fərqli sığorta şirkətlərinin rəhbərləri sədr olaraq seçiləcək. Əminəm ki, tətbiq edilən yenilik sığorta şirkətlərinin, eləcə də ölkənin sığorta bazarının inkişafında müsbət rol oynayacaq. Mənə bu məsuliyyətli vəzifəni etibar etdikləri üçün Müşahidə Şurasına təşəkkürümü bildirirəm. İnanıram ki, hər bir sığorta şirkəti rəhbərinin, o cümlədən də mənim təcrübəm qurumun işinə öz töhfəsini verəcək”, - deyə Azər Əliyev bildirib.
Qeyd edək ki, Azər A. Əliyev 2017-ci ilin oktyabrında “Atəşgah” SŞ İdarə Heyətinin sədri təyin olunmuş və daha əvvəl ASA-nın sədri vəzifəsində çalışmışdır.