Sahil Babayev: “Azərbaycanda məşğulluq göstəriciləri dinamik şəkildə artır”
“Azərbaycan həm sosial, həm də məşğulluq göstəriciləri ilə dinamik artımı təcəssüm etdirən ölkələrdəndir”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ombudsman Aparatının 20 illiyinə həsr olunmuş Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, insan hüquqlarının vacib istiqamətlərindən biri sosial, məşğulluq qurumlarıdır: “Azərbaycanda son 3 il ərzində 3 sosial islahat paketi həyata keçirilib. Bu paketlər 4 milyondan çox vətəndaşı əhatə edib və onlara 6 milyard manatlıq vəsait ödənilib. Bu gün Azərbaycan həm sosial, həm də məşğulluq göstəriciləri ilə dinamik artımı təcəssüm etdirən ölkələrdəndir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, onların iqtisadi cəhətdən ölkənin, regionun iqtisadiyyatına inteqrasiyası qarşısında duran ana xətlərdəndir”.
Nazir bildirib ki, məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışı, orada həyatın canlandırılması əsas hədəflərdəndir: “Azərbaycan bu işləri uğurla həyata keçirir. Vətəndaşlarımız artıq Ağalı kəndində məskunlaşıblar. Burada “Smart DOST”, ASAN Xidmət mərkəzləri vasitəsilə onlara dövlət xidmətləri göstərilir. Şuşaya köçəcək insanlar üçün bu işlər görülür, regional xidmətlər vasitəsil Ağdam, Tərtər və digər ərazilərdə bu xidmətlər göstəriləcək.
Bu ərazilərdə yaşayan insanlarımızın hüquqlarının müdafiəsi əsas işimiz olacaq ki, vətəndaşlarımız oranı inkişaf etdirsinlər. Ora köçəcək əhalinin həm məşğulluq, həm sosial və digər hüquqlarının təmin olunması qarşısında böyük çağırışdır”.
S.Babayev vurğulayıb.ki, rəhbərlik etdiyi nazirlik Azərbaycanda insan hüquqlarının, o cümlədən sosial və məşğulluq hüquqlarının inkişaf etdirilməsində Ombudsman Aparatı ilə birgə əməkdaşlığı gələcəkdə də aktiv şəkildə davam edəcək.