Bankın pulu başqa banklardadır – Bank ASB-nin hesabatı
"Azərsun Holdinq"in bankı kimi tanınan və daha çox holdinqlə əlaqədar maliyyə əməliyyatlarının aparılması, daxili kreditləşməyə yönəlmiş bank kimi tanınan Azərbaycan Sənaye Bankının (ASB Bank) 30 sentyabr 2022-ci il tarixinə aktivləri 714 milyon 112 min manat təşkil edir. Bu, 2021-ci ilin sonuna olan göstəricidən 12,1% azdır.
Aktivlərdə ən böyük pay
ASB Bank risklərdən uzaq şəkildə daha çox korporativ bazarda fəaliyyət göstərir və bu səbəbdən də bankın aktivlərində ən böyük pay banklar da daxil olmaqla, maliyyə institutlarında yerləşdirdiyi depozitlərdir. Ötən ilin sonu ilə müqayisədə bu vəsaitlərin həcmi 21,3% azalsa da, hazırda 367 milyon 765 min manatla aktivlərdə 51,4% paya malikdir.
Ötən 9 ayda bankın kredit portfeli 2,4% artaraq sentyabrın sonuna 249 milyon 343 min manat təşkil edir. Bank aktivlərinin 18 milyon manatını isə nağd şəkildə saxlayır.
Depozitlər azalmaqda davam edir
Bankın öhdəlikləri 14,4% azalaraq 605 milyon 167 milyon manata düşüb. Öhdəliklərdə depozit portfelinin həcmi 14,7% kiçilərək 438 milyon 564 min manat olub. Qeyd edək ki, ASB bankdan əmanətlərin geri çəkilməsi prosesi müəyyən müddətdir ki, davam edir və bankın əmanət cəlbi ilə bağlı xüsusi PR kampaniyalarının olmaması da diqqəti çəkir.
Bankın kapitalı 108 milyon 945,13 min manatdır, artım 3,3% təşkil edir və ötən illərdə toplanan mənfəətin hesabına yüksəlib. Nizamnamə kapitalı dəyişməyərək 60 milyon manat təşkil edir.
Ehtiyatlardan pulunu çıxartdı
Cari ilin yanvar-sentyabr aylarında fəaliyyətin yekunlarına əsasən ASB-nin xalis mənfəəti 4 milyon 337,99 min manat olub. 2021-ci ilin 9 ayının göstəricisi ilə müqayisədə 2,5 dəfə artım deməkdir. 18 milyon 292,62 min manatını faiz, 7 milyon 460,77 min manatını qeyri-faiz gəlirləri təşkil edir. Xərclər çıxılandan sonra bankın əməliyyat mənfəəti 4 milyon 145,29 min manat olub. Bank ehtiyatlara ayırmalarından 1 milyon 288,89 min manatı çıxarıb və buna görə də vergilər ödənilənədək mənfəətin həcmi 5 milyon 434,18 min manata çatıb. Dövlət büdcəsinə 1 milyon 96,19 min manat vergi ödənilib və bankın ixtiyarında 4 milyon 337,99 min manat qazanc qalıb.
“Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə yaradılıb və aktivlərinin həcminə görə ölkənin ilk 10 bankı sırasındadır.