Hesabatlar

İstehlak kreditləri hesabına portfel böyüyüb: NBC Bank 

Azərbaycanda bank fəaliyyəti lisenziyası dayandırılandan sonra yenidən bərpa etməyi bacaran yeganə bank - NBC 2018-ci ilin nəticələrini açıqlayıb. 
 
Aktivləri 79 milyon manat artıb

"BIxəbər verir ki, “NBC bank” ötən ili 283 milyon 376 min manat cəmi aktivlərlə tamamlayıb və müqayisə aparsaq deyə bilərik ki, bir il ərzində  79 milyon manat artım olub, bu isə orta səviyyəli bank üçün müsbət göstəricidir. Aktivlərin strukturuna nəzərə salsaq, kredit portfelinin həcmi 204 milyon 469 min manat təşkil edir və illik artım 32%-dir. Bank 6 milyon 36 min manat vəsaitini isə nağd şəkildə saxlayır. 

Kreditlərin strukturu

NBC bank bu vaxta qədər hesabatını açıqlayanlar arasında kredit portfelinin strukturunu açıqlayan yeganə bankdır. Bu struktura nəzərə salsaq, bankın verdiyi kreditlərin 113 milyon 885 min manatını fiziki şəxslərə verilən istehlak kreditləri təşkil edir. Bu isə ümumi kredit portfelində 60%-lik pay deməkdir, başqa sözlə, bank istehlak kreditləri hesabına kredit portfelini böyüdüb. Bank 65 milyon 281 min manat həcmində ticarət sektoruna kredit verib. Sənaye və kənd təsərrüfatına verilən kreditlər isə cəmi 17 milyon 43 min manat təşkil edir. Verilmiş kreditlərin cəmi 11 milyon 157 min manatı gecikib, bu isə ümumi portfelə nisbətdə çox yaxşı göstəricidir.  

Öhdəliklərin strukturunda fiziki şəxslərin payı 45.49%-dir

NBC bank 225 milyon 274 min manat cəmi öhdəliklərə və 58 milyon 103 min manat cəmi balans kapitalına malik olub.  İllik müqayisədə görürük ki, bankın öhdəlikləri 78 milyon manat artıb, çünki 2017-ci ilin sonunda bank 147 milyon 285 min manat cəmi öhdəliklərə və 56 milyon 839 min manat cəmi balans kapitalına malik idi. 31 Dekabr 2018-ci il tarixində “NBC Bank” 57 milyon 88 min manat məcmu kapitala malik olub. Birinci dərəcəli kapitalın adekvatlıq əmsalı 5% normaya qarşı 20.90%, məcmu kapitalın adekvatlıq əmsalı isə 10% normaya qarşı 22,07% təşkil edib. Bu isə bankın fəaliyyətinin gəlir gətirdiyini göstərir. 
Öhdəliklərin tərkibinə baxsaq, illik müqayisədə depozitlərin həcmi 43,9% artaraq 106 milyon 426 min manata yüksəlib. Öhdəliklərin yaranmasında faiz nisbətinə baxsaq, məlum olur ki, NBC Bankda banklar, hüquqi şəxslər və maliyyə müəssisələrindən cəlb olunmuş vəsaitlərin həcmi 121 milyon manat olmaqla 54.51% paya malikdir. Öhdəliklərin 45.49%-ni isə fiziki şəxslərin əmanətləri formalaşdırıb. 

İli mənfəətlə yekunlaşdırıb

Ötən il “NBC Bank”ın cəmi gəlirləri 20 milyon 957 min manat, o cümlədən faiz gəlirləri 17 milyon 571 min manat, qeyri-faiz gəlirləri 3 milyon 386 min manat təşkil edib. Bank 20 milyon 957 min manat cəmi gəliri əldə etmək üçün 18 milyon 683 min manat xərc çəkib və yekunda 2 milyon 274 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətinin 1 milyon 124 min manatı ehtimal olunan depozit və kredit itkiləri üçün ehtiyata ayırılıb. Nəticədə “NBC Bank” ötən ili 1 milyon 150 min manat xalis mənfəət ilə bağlayıb. 2017-ci illə müqayisədə “NBC Bank”ın faiz gəlirləri 26,5%, qeyri-faiz gəlirləri 7,8% artıb. Bank 2017-ci ildə 13 milyon 894 min manat faiz, 3 milyon 142 min manat qeyri- faiz gəliri əldə etmişdi.


 
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department