Hesabatlar

Əhali 41 milyon manatdan çox pulunu geri çəkib: AGB  

“AG Bank”ın Mərkəzi Banka 40 milyon manat borcu var. Bu vəsait bankın fəaliyyətini dəstəkləmək məqsədilə borc verildiyindən öhdəlik şəklində hesabatda öz əksini tapır. 

Aktivlərinin 8,7%-i xarici banklardadır 
"BI" xəbər verir ki, “AG Bank”ın 2018-ci ilin sonunda cəmi aktivləri illk müqayisədə 1,6% artaraq 496 milyon 193 min  manat təşkil edib. Aktivlərin strukturunda əsas hissəni kredit potfeli tutub. “AG Bank” müştərilərə 245 milyon 695 min manat həcmində kredit verib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,1% kiçilmə deməkdir. 
Maraqlıdır ki, bir ildə bankın “Nostro hesabları” 3 dəfədən çox artaraq 15 milyon 194 min manatdan 47 milyon 963 min manata yüksəlib. Bu vəsaitin yalnız 4 milyon 603 min manatı yerli banklardadır. Qalan 43 milyon 360 min manatı isə xarici banklarda saxlanılır. Belə çıxır ki, bank aktivlərinin 8,7 faizini xarici banklarda saxlayır. Aktivlərə nəzər salsaq, bank yerli maliyyə institutlarına 11 milyon 571 min manatlıq kredit verib. Aktivlərinin 86 milyon manatlıq hissəsi isə daşınmaz əmlak olaraq binaların dəyərindən formalaşıb. Bankın nağd vəsaitlərinin həcmi 16 milyon 731 min manat, Mərkəzi Bankda müxbir hesabları 5 milyon 512 min manatdır. 

Öhdəliklər nəyin hesabına artıb? 
Bankın 2018-ci ilin sonunda cəmi öhdəlikləri 2017-ci ilin sonu ilə müqayisədə 0,7% artaraq 444 milyon 139 min manat olub. Bununda 236 milyon 836 min manatını depozitlər təşkil edir. Bankın depozit portfeli illik müqayisədə 9,4% böyüyüb. Depozit portfelinin strukturuna baxsaq, ötən 3 ildə bankın prudensial normativləri ödəməməsi və bəzi kredit məhsullarını dayandırması ilə bağlı çətinlikləri əmanətçilərin bu banka etibarını azaldıb. Nəticədə fiziki şəxslərin banka qoyduqları müddətli depozitlərin həcmi 2017-ci ildə 122 milyon 770 min manat olduğu halda 2018-ci ildə 81 milyon 11 milyon manata düşüb. Yəni bir ildə bu bankın təkcə fiziki şəxs olan əmanətçiləri 41 milyon 759 min manat pulunu geri çəkiblər. Hüquqi şəxslər də müddətli depizitlərini bankdan çəkiblər. Belə ki, 2 milyon 27 min manatdan 85 min manatadək enib. Öhdəliklərdəki artım isə fiziki və hüquqi şəxslərin tələbli depozitləri üzrə hesablarda artım nəticəsində baş verib. 
Bankın Mərkəzi Bank qarşısında tələbləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon azalaraq 39 milyon manat təşkil edib. 


Bankın cəmi kapitalı 52 milyon 54 min manat olub. Bankın məcmu kapitalı 52 milyon 355 min manat təşkil edib. Məcmu kapitalının adekvatlıq əmsalı 10,11% (min. 10%), birinci dərəcəli kapitalın adekvatlıq əmsalı 7,2% (min. 5%) olub. Bankın verdiyi kreditlərin 145 milyon manata yaxını vaxtı keçmiş kreditlərdir. 

Əməliyyat zərəri
"BI"
bankın mənfəət və zərər hesabatına istinadən xəbər verir ki,  bankın faiz gəlirləri 17 milyon 591 min manat, faiz xərcləri 16 milyon 525 min manat, qeyri-faiz gəlirləri 34 milyon 499 min manat, qeyri-faiz xərcləri isə 38 milyon 134 min manat olub. Aktivlər üzrə ehtiyata 3 milyon 893 min manat xərcləyib. Bank əməliyyatda 2 milyon 569 min manat zərər edib. 

“AG Bank” əməliyyatda zərər etsə də, 2018-ci ili 5 milyon 367 min manat xalis mənfəətlə başa vurub. Bank 2018-ci ildə mənfəətdən vergi ödəməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department