Avtomobil

“Toyota” ilk elektromobilinin istehsalını bərpa edir

Yaponiyanın nəhəng “Toyota Motor Corp.” şirkəti təhlükəsizliklə bağlı problemlərə görə istehsalı üç ay əvvəl dayandırılmış ilk “bZ4X” elektromobilinin istehsalını oktyabrın 6-dan bərpa edir.

Yaponiyanın nüfuzlu avtomobil istehsalı şirkəti iyunda təkərin qopma riski olan həmin elektromobilləri geri çağırıb. Həmin vaxt “Subaru Corp.” şirkəti də “Toyota” şirkəti ilə birlikdə hazırladığı “Solterra” modelini həmin səbəbə görə geri çağırmaq məcburiyyətində qalıb.

Şirkətin Yaponiya Nəqliyyat Nazirliyinə iyunda göndərdiyi məktubda qeyd edilir ki, elektromobil kəskin döndükdə və ya əyləc sürətli hərəkət zamanı sıxıldıqda təkərləri saxlayan boltlar sıradan çıxa bilər. Nəticədə təkərin avtomobildən qopmaq riski yüksəlir.

Oktyabrın 6-da nazirliyə göndərilən növbəti məktubda həmin problemin aradan qaldırıldığı bildirilib.

Qeyd edək ki, Yaponiyanın daxili bazarında hazırda “Prius” kimi hibrid modellər daha populyardır. Son məlumatlara görə, ötən il Yaponiyada elektrik enerjisi ilə işləyən avtomobillərin sayı 1 faiz təşkil edib.

“Toyota” şirkəti “bZ4X” modellərinin yalnız Yaponiya daxilində satışına icazə verib.

Həmçinin ötən il şirkət akkumulyatorla çalışan elektromobillərin hazırlanması üçün təqribən 30 milyard dollar vəsait ayırıb. Cari onilliyin sonunadək belə avtomobillərin satışının 3,5 milyona çatdırılacağı planlaşdırılır ki, bu da benzin mühərrikli avtomobillərin illik satışının təqribən üçdəbirini təşkil edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)