Sentyabrda banklar hərracdan daha çox dollar alıb
2022-ci ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) valyuta hərraclarında ümumilikdə 465,3 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb. 2022-ci ilin avqust ayında isə ARDNF tərəfindən valyuta hərraclarına çıxarılan dolların ümumilikdə 440,5 milyonu alınmışdı.
Beləliklə, sentyabrda avqust ayı ilə müqayisədə Dövlət Neft Fondu tərəfindən xarici valyuta satışının həcmi 5,6% artıb.
ARDNF-nin aylıq məlumatları əsasında hesablama aparsaq, 2022-ci ilin yanvar-sentyabr aylarında fond hərraclarda 3 milyard 857,3 milyon ABŞ dolları məbləğində xarici valyuta satıb. Bu, 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 10,4% azdır.
Qeyd edək ki, hazırda valyuta hərraclarında xarici valyuta satışının əsas mənbəyi ARDNF-dir və alıcılar isə banklardır və 2021-ci ildə ARDNF valyuta hərraclarında 6 milyard 679 milyon dollar satıb. Bu isə 2020-ci illə müqayisədə 8,6% az idi.
Ümumilikdə isə ilin sonuna yaxınlaşdıqca valyutaya tələbat artacaq və paralel olaraq hərraca çıxarılan dollar daha çox satılacaq.