Bank

Ən böyük korporativ bankımızdan 1 milyardlıq artım: PAŞA Bank

Azərbaycanda ən böyük korporativ bank olan “PAŞA Bank” 2018-ci ilin yekunlarına dair hesabatını açıqlayıb. Hesabat üzrə apardığımız təhlillər göstərir ki, bankın mühüm göstəricilərində artım davam edib. 

Qiymətli kağızlara yatırım 3,6 dəfə artıb

"BI" xəbər verir ki, ötən ilin sonunda bankın cəmi aktivləri 4 milyard 695 milyon 717 min manat olub, bu isə 2017-ci ilin sonu ilə müqayisədə 1 milyard 144 milyon manat və ya  32,2% çoxdur. Aktivlərin tərkibinə nəzərə salsaq, ən böyük paya malik olan investisiya qiymətli kağızlarıdır. Bank investisiya qiymətli kağızlarına qoyduğu sərmayəni 3,6 dəfə artıraraq 1 milyard 440 milyon 257 min manata yüksəldib. Kreditlərdə olan aktivlərinin həcmi isə 1 milyard 320 milyon 893 min manatdır və 2018-ci ilin dördüncü rübündə bankın kredit portfeli 40% artıb. 1 milyard 99 milyon 889 min manatı isə kredit təşkilatlarındadır. Bu kateqoriys üzrə aktivlərin həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 24% azalıb. Görünür, “PAŞA Bank” gəlirlilik səviyyəsinə görə vəsaitlərini daha çox qiymətli kağızlara yönəldib. 
Bundan başqa, “PAŞA Bank”ın aktivlərinin 600 milyon manatı pul vəsaitləri və onun ekvivalentlərdində ifadə olunur. 149 milyon manata yaxın vəsait isə törəmə müəssisələrə qoyulan investisiya şəklindədir. Bankın balans aktivlərinin risk dərəcəsi üzrə ölçülmüş həcmi 1 milyard 711 milyon 252 min manatdır. 

Öhdəliyi 39% artıb

2017-ci illə müqayisədə ötən il “PAŞA Bank”ın müştərilər qarşısında öhdəlikləri 39% və ya 1 milyard 101 milyon 306 min manat artaraq 3 milyard 923 milyon 288 min manata qalxıb. Bunun 3 milyard 923 milyon manatı müştərilərin əmanət və depozitləridir. Banklar və dövlət fondları da öz vəsaitlərini bu bankda saxlamaqla 260 milyon 199 min manat həcmində öhdəlik yaradıblar. 
 
Bölüşdürülməmiş xalis mənfəəti var 

Ötən ilin sonunda “PAŞA Bank”ın səhmdar kapitalı, yəni nizamnamə kapitalı 333 milyon manat, cəmi kapitalı 418 milyon 148 min manat olub. Məcmu kapitalın həcmi 435 milyon 41 min manat, adekvatlıq əmsalı 10% normaya qarşı 11.82% təşkil edir. 
2018-ci il üzrə dövrün əvvəlin pul vəsaitləri və ona ekvivalentlərin həcmi 554 milyon 652 min manat, dövrün sonuna isə 600 milyon 884 min manata yüksəlib. Bankın ixtiyarında 85 milyon 468 min manat bölüşdürülməmiş xalis mənfəəti var. 


“PAŞA Bank” 2018-ci ili 2017-ci illə müqayisədə 30,6% çox, 77 milyon 57 min manat xalis mənfəətlə başa vurub. İllik müqayisədə bankın faiz gəlirləri 15 milyon 355 min manat və ya 9,7% artaraq 173 milyon 512 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə xarici valyutadan xalis gəlirlərin azalması ilə əlaqədar olaraq 32,1% azalaraq 33 milyon 205 min manata düşüb. Ümumilikdə isə xarici valyutadan xalis gəlirlər 2018-ci ilin əvvəlinə nisbətən 3-cü rübdən başlayaraq artır və dördüncü rübdə “PAŞA Bank” bu xidmətlərdən 5 milyon 434 min manat xalis gəlir əldə edib. İlin son oktyabr-noyabr-dekabr aylarında haqq və komissiyalardan gəliri isə 5 milyon manat olub. Xərclər gəlirlərdən çıxıldıqdan sonra, 2018-ci ildə “PAŞA Bank”ın vergidən əvvəlki mənfəəti 98 milyon 837 min manat təşkil edib və 21 milyon 780 min manat mənfəət vergisi ödəyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department