Sığorta pulu avtomatik təyin ediləcək
"Dövlət İcbari Şəxsi Sığorta" altsisteminin qurulması işləri davam edir.
ENA.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov qurumun 6 aylıq yekunlarına həsr olunan hesabatı təqdim edərkən deyib.
Direktorun sözlərinə görə, bu, hərbi qulluqçuların və digər bir sıra kateqoriyalardan olan şəxslərin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası üzrə fəaliyyətin, eləcə də həmin sığorta vəsaitlərinin idarə edilməsi üçün yaradılan altsistemdir.
K.Əkpərov vurğulayıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət icbari şəxsi sığortası sahəsində elektron infrastrukturun yaradılması nəticəsində həmin sığorta ödənişlərinin də elektron sistem üzərindən proaktiv təyinatı mexanizmi qurur:
"Sığorta hadisəsindən sonra zərərçəkmiş şəxsin özünə, vəfat etdiyi halda vərəsələrinin müraciətinə və hər hansı sənəd təqdim etməsinə ehtiyac qalmadan sığorta ödənişi avtomatik təyin ediləcək və aidiyyəti şəxsin e-sistemdə qeyd olunmuş telefon nömrəsinə bu barədə SMS-bildiriş göndəriləcək".