MALİYYƏ

ARDNF bu il aktivlərini 1 %-ə yaxın artırıb

Bu il iyulun 1-nə Dövlət Neft Fondunun (ARDNF) aktivləri 45 milyard 306,8 milyon ABŞ dolları təşkil edib.

ENA.az  Fonda istinadən xəbər verir ki, bu, ilin əvvəlinə nisbətən 0,6 % çoxdur.

2022-ci ilin yanvar-iyun aylarında ARDNF-nin büdcə gəlirləri 6 milyard 935,2 milyon manat, büdcə xərcləri isə 4 milyard 663,2 milyon manat təşkil edib.

6 ay ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 10 milyard 369,2 milyon manat, o cümlədən mənfəət neft-qazının satışından 9 milyard 588,6 milyon manat, bonus ödənişlərindən 768,7 milyon manat, tranzitdən 7,2 milyon manat, akrhesabı ödənişlərdən 4,7 milyon manat gəlir əldə edib, aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən 3 milyard 434 milyon manat zərər edib.

Hesabat dövründə qurum 2022-ci il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 4 milyard 648 milyon manat vəsait transfert edib, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 4,2 milyon manat yönəldib, idarəetməyə isə 11 milyon manat xərcləyib.

ARDNF-in valyuta məzənnələrinin dəyişməsindən büdcədənkənar xərcləri isə 1 milyard 793,3 milyon manat olub.

"Hazırda dünya iqtisadiyyatında, eləcə də beynəlxalq maliyyə bazarlarında baş verənlər ARDNF-in investisiya portfelinə təsirsiz ötüşmür. Belə ki, qlobal iqtisadi artımda olduqca ciddi yavaşlama, uzun zamandan bəri kifayət qədər aşağı inflyasiya göstəriciləri ilə xarakterizə olunan inkişaf etmiş ölkələrdə son qırx ilin ən yüksək qiymət artımının qeydə alınması, o cümlədən geo-siyasi böhranın daha da dərinləşməsi, habelə pandemiya sonrası təchizat zəncirindəki qırılmaların hələ də davam etməsi və Çində sərt məhdudiyyətlər fonunda qlobal maliyyə bazarlarında kəskin dalğalanmalar müşahidə olunmaqdadır. Daha əvvəllər də qeyd edildiyi kimi, beynəlxalq maliyyə bazarları qlobal iqtisadiyyatın güzgüsüdur və bu qədər qeyri-müəyyənliyin yaşandığı bir dövrdə maliyyə bazarlarının da analoji reaksiyası labüd bir haldır. Nəticə etibarilə ABŞ-də cari ilin ilk rübündə iqtisadi artımda geriləmə, Avrozona və Böyük Britaniya kimi region və ölkələrdə olduqca cüzi iqtisadi artım, çox yüksək inflyasiya meylləri, habelə mərkəzi bankların yürütdüyü qeyri-tarazlı sərt monetar siyasət qeyri-ənənəvi bir hal olan və tarixdə çox nadir hallarda rast gəlinən həm qlobal səhm, həm də istiqraz indekslərinin dəyərlərində kəskin enmə və valyuta məzənnələrində çox ciddi dəyişkənlik müşahidə olunmuşdur.

Bir çox institusional investorların, o cümlədən suveren fondların investisiya portfellərində olduğu kimi ARDNF-in də vəsaitləri əsasən müxtəlif valyutalarda ifadə edilən birjada kotirovka olunan səhm və istiqrazlardan (investisiya portfelinin təxminən 80 %-i) ibarətdir. Maliyyə bazarlarında yaşanan bu dalğalanmalar qeyd edilən investorlarla bərabər ARDNF-in də investisiya portfelində qısamüddətli qiymət dəyişkənliyindən yaranan realizə edilməmiş müvəqqəti mənfi fərq kimi öz əksini tapmaqdadır", - deyə Neft Fondu bəyan edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)