MALİYYƏ

Bu, bir startdır, böyük ehtimalla, davamı olacaq - RƏY

Dünən prezident İlham Əliyevin fərmanı ilə bir neçə qurum ləğv edildi, bəziləri birləşdirildi, bəzilərinin isə hüquqi formasının dəyişdiyi elan edildi.

"BI" xəbər verir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidməti birləşdirilərək, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

Bundan başqa, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Bilik Fondu, Strateji Araşdırmalar Mərkəzi ləğv edildi.

İqtisadi cəhətdən mühüm əhəmiyyət daşıyan Tarif (qiymət) Şurasının Katibliyi də ləğv edildi.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlıhesab edir ki, islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. 

V.Qasımlı qeyd edib ki, struktur islahatların gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir:

“Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir. Dövlət aparatının yığcamlaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların yenidən təşkili büdcə vəsaitinə qənaət deməkdir”.

V.Qasımlının sözlərinə görə, Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik 2019” hesabatına əsasən, Azərbaycan 140 ölkə arasında “Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə əvvəlki illə müqayisədə üç pillə irəliləyərək 12-ci yerdə qərarlaşıb və Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə qoyub. 

İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanda idarəetmənin yığcamlaşdırılması çox mühümdür, çünki ölkədə 18 nazirliyin, 8 komitənin, 7 xidmətin olması və əlavə olaraq palataların mövcudluğu idarəetmədə səmərəliliyi azaldır. Ona görə də funksiyaları təkrarlanan qurumların birləşməsinə ehtiyac var.

“Prezident struktur islahatlarına başlayıb və bu, bir startdır, böyük ehtimalla, davamı olacaq”.

Ölkə iqtisadiyyatında mühüm qərarlara malik olan Tarif Şurasının katibliyinin ləğv edilməsinə gəlincə, R.Həsənov qeyd edib ki, bu, Tarif Şurasının ləğv olunacağı anlamına gəlmir, çünki ölkədə tənzimlənən qiymətlər var, ona görə də Tarif Şurası kimi bir quruma ehtiyac qalır.

“Tarif Şurası dövlət büdcəsindən maliyyələşən qurum olaraq ləğv olundu, amma ictimai əsaslarla formalaşacaq. Yenə də nazirliklərin əməkdaşlarından, Nazirlər Kabinetinin üzvlərindən ibarət olacaq və qiymətlərin tənzimlənməsinə nəzarəti həyata keçirəcəklər. Yəni yeganə fərq budur ki, dövlət qurumu kimi ləğv edildi”.

Qurumun maliyyələşmə mənbəyinə gəlincə, bu, fərqli ola bilər.

“Burada özünümaliyyələşdirmə ilə bağlı bir məsələ də yoxdur, çünki söhbət ondan gedir ki, hər hansı toplantı keçirilir və qərar qəbul olunur. Toplantıda iştirak edənlər nazir müavinləri və nazirliklərin işçiləri idi, dövlət büdcəsindən maliyyələşməsi üçün ciddi bir ehtiyac yox idi. Mümkündür ki, müəyyən xərclərin qarşılanması üçün qiymətləri tənzimlənən qurumlardan çox cüzi üzvlük haqqı alsın”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)