Bank

Mərkəzi Bank İdarə Heyətinin sabiq üzvlərinin işdən azad edilməsi ilə bağlı açıqlama yayıb

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sabiq üzvləri Alim Quliyev və Vadim Xubanov səlahiyyət müddətinin bitməsi, Aftandil Babayev isə təqaüdə çıxması ilə əlaqədar olaraq işdən ayrılmışdır.

ENA.az bu barədə AMB-ya istinadən xəbər verir.

"Mərkəzi Bankın rəhbərliyi və kollektivi bank sektorunda uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə onlara minnətdarlığını bildirir", - məlumatda deyilir.

Xatırladaq ki, Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayev sonuncu dəfə 2017-ci ilin mart ayında parlamentin qərarı ilə 5 il müddətinə AMB İH-nin üzvü seçiliblər. Onların səlahiyyət müddəti bu ilin mart ayında başa çatmışdı. Bu ilin iyun ayının 8-də Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla onların yerinə Rəşad Orucov Mərkəzi Bank sədrinin birinci müavini, Əliyar Məmmədyarov isə müavin təyin edilib.

Qeyd edək ki, Alim Səlim oğlu Quliyev 1960-cı ildə Tərtər rayonunda anadan olub. Ali təhsillidir. 1981-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1981-ci ildə SSRİ Dövlət Bankının Şamaxı şöbəsində iqtisadçı kimi başlayın. 1983-cü ilin iyun ayından dekabr ayınadək SSRİ Dövlət Bankının Şamaxı şöbəsində iqtisadçı vəzifəsində işləyib. 1983-cü ilin dekabrından 1988-ci ilədək SSRİ Dövlət Bankı Azərbaycan Respublikası kontorunun Təftiş idarəsində müfəttiş, böyük müfəttiş vəzifələrində işləyib. 1988-ci ildən 1993-cü ilədək Səhmadar-Kommersiya Aqrar-Sənaye Bankının Nəzarət-təftiş idarəsində aparıcı müfəttiş, baş müfəttiş, İdarə Heyəti Sədrinin müavini vəzifələrində işləyib. 1993-cü ilin yanvar ayından Azərbaycan Respublikası Milli Bankında Banklara nəzarət idarəsinin rəisi vəzifəsində işləyib. 1995-ci ilin mart ayından Təftiş departamentinin direktoru və İdarə Heyəti Sədrinin müavini vəzifəsini icra edib. 1995-ci ilin oktyabr ayından 1996-cı ilin iyun ayınadək Səhmdar-Kommersiya Əmanət Bankının Müvəqqəti İdarəetmə Komitəsinin sədri işləyib. 1996-cı il iyunun 14-dən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü, həmin ilin sentyabrın 24-dən isə İdarə Heyəti Sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 2001-ci ilin dekabr ayında ikinci dəfə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü seçilib. 2002-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Yeddi elmi əsərin və bir monoqrafiyanın müəllifidir.  Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2012 tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Ailəlidir, 2 övladı var.

Vadim Xubanov 1963-cü ildə Moskva şəhərində anadan olmuşdur. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1985-ci ildə SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun baş iqtisadçısı vəzifəsində başlayıb. 1985-ci ildən 1987-ci ilədək ordu sıralarında həqiqi hərbi xidmətdə olub. 1987-ci ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun 26 Bakı komissarı adına rayon şöbəsində iqtisadçı, həmin ildən Mənzil-kommunal Təsərrüfatı və Sosial İnkişaf Bankında iqtisadçı, böyük iqtisadçı, I dərəcəli iqtisadçı işləyib. 1991-ci ildən Azərbaycan Respublikası Xarici Əlaqələr Bankında Kredit-plan şöbəsinin rəisi, 1992-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Bankında İqtisadi təhlil, beynəlxalq əlaqələrin inkişafı müdiriyyətinin direktoru vəzifəsində işləmişdir. 1993-cü ildən Səhmdar-Kommersiya Beynəlxalq Bankı İdarə Heyəti sədrinin müavini, 1995-ci ildən isə İdarə Heyəti sədrinin birinci müavini işləyib. 1996-cı il iyunun 14-dən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü, həmin ilin sentyabrın 24-dən isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ikinci dəfə, 2006-cı ilin dekabr ayında üçüncü dəfə, 2012-ci ilin fevral ayında dördüncü dəfə, 2017-ci ilin mart ayında isə beşinci dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilib. 2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilib. Ailəlidir, 2 övladı var.

Aftandil Qasım oğlu Babayev 1957-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunda anadan olub. 1978-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Xalq Təsərrüfatının planlaşdırılması" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1978–1982-ci illərdə həmin institutun Aspirantura şöbəsində qiyabi təhsil alıb. Əmək fəaliyyətinə 1978-ci ildə "Azkolxoz xüsusi tikinti" Trestininn plan şöbəsində iqtisadçı vəzifəsində başlayıb. 1981-ci ildən 1983-cü ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində iqtisadçı, böyük iqtisadçı, maliyyə şöbəsinin rəisi vəzifələrində işləyib. 1983-cü ildən 1984-cü ilədək Respublika Maliyyə Nazirliyində böyük iqtisadçı vəzifəsində, 1984-cü ildən 1994-cü ilədək Dövlət Qiymət Komitəsində şöbə rəisinin müavini, şöbə rəisi, baş idarə rəisinin müavini vəzifələrində işləyib. 1988-ci ildə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirib. 1994-cü ildən Azərbaycan Respublikasının Milli Bankında Baş Pul-kredit siyasəti və valyutanın tənzimi idarəsi rəisinin müavini, 1995-ci ildən Pul-kredit siyasəti departamentinin direktoru, 2000-ci ilin iyul ayından isə Milli Bankın Baş direktoru vəzifəsinə təyin edilib. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Republikası Milli Bankı İdarə Heyətinin üzvü seçilib. 2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilib. 2019-cu ildə Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)