Birja

“Neft baha təklif olunsa da, birjalarda volatillik yüksəlib”

Neftin dünya bazar qiyməti yenidən azalmaqdadır. “Qara qızıl” hələ də əvvəlki illər ilə müqayisədə baha təklif olunsa da, birjalarda volatillik yüksəlib. İyun ayında Brent markalı neftin hər barelində 8 dollar azalma qeydə alınıb. Ötən ayın ilk günündə hər bareli 116 dollara təklif edilən neft 108 dollaradək ucuzlaşıb.

Deputat Vüqar Bayramov bildirib ki, neftin dünya bazar qiymətindəki son azalmalar dünya iqtisadiyyatında böhran riskinin güclənməsi ilə bağlıdır.

Deputat qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi kontkestində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb:

“Avropa İttifaqı üçün də builki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır”.

“Təbii ki, neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda, siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resursları ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asıllığı minimumlaşdırmaqdır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)