Yeni “DOST” mərkəzləri açılacaq
Ötən dövrdə 1 milyona yaxın vətəndaşın faydalandığı “DOST” xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi üçün yeni “DOST” mərkəzlərinin açılması nəzərdə tutulur.
Bu barədə ENA.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, “DOST” xidmətlərinə əlçatanlığın artırılması üçün yeni hədəflərə doğru işlər aparılır:
"Bu hədəflərdən biri “Virtual DOST” elektron xidmətlər platformasının yaradılmasıdır. Həmin e-platformanın bu ilin 3-cü rübündə test rejimində istifadəyə verilməsi planlaşdırılıb".
Qeyd edək ki, hədəflər sırasına “DOST” mərkəzlərində eşitmə və nitq qabiliyyəti məhdud şəxslər üçün surdo-tərcümə xidmətinin təşkili, sosial xidmət göstərilməsinin təkmilləşdirilməsi və s. daxildir.