BİZNES

“turbo.az”, “tap.az” və “bina.az”ın sahibi 1 milyard dollar itirdi

Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri saytlardan 4-nün  - “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ın sahibi olan milyarder Mixail Lomtadzenin sərvəti son bir ildə 1 milyard dollar azalıb. 

ENA.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı məşhur “forbes.com” portalı açıqlayıb.

Məlumat üçün bildirək ki, Gürcüstan vətəndaşı olan 46 yaşlı Mixail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan “Kaspi.kz”nin əsas səhmdarlarından biridir. Lomtadze, eyni zamanda Qazaxıstanın ən böyük banklarından biri olan “Kaspi Bank”ın 23%-lik səhminə nəzarət edir.

“Forbes”in 2021-ci ildə (may) açıqladığı məlumatda göstərilirdi ki, Mixail Lomtadzenin 3,2 milyard dollar sərvəti olub. Ötən ilki siyahıda Lomtadze Qazaxıstanın ən varlı şəxsləri arasında 12-ci sırada yer alıb.

“Forbes”in bugünə olan məlumatında isə göstərilir ki, Lomtadzenin sərvəti 2,2 milyard dollar təşkil edir. Mətbuatın yazdığına görə, Mixail Lomtadze “Kaspi Bank”ın səhmlərini Nusultan Nazarbayevin hazırda həbsdə olan qardaşı oğlu Kayrat Satıbaldıulından alıb.

Lomtadzenin Azərbaycanın aparıcı elan saytlarından olan “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ı nə zaman satın aldığı bilinmir. Lakin bu saytların bağlı olduğu “DİGİTAL CLASSİFİEDS” MMC (VÖEN-1405631661) 16.08.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 min manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Rəsul Rza 75-də yerləşir. Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı olan Mamuka Kırvalıdzedir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)