Nazirlər üçün 5 ulduz otel, 30 manatlıq hədiyyə – YENİ QAYDALAR
Nazirlər Kabineti Azərbaycanda keçiriləcək ölkə və beynəlxalq gənclər tədbirləri üçün vəsaitlərin xərclənməsinin yeni normalarını təsdiqləyib.
"BI" xəbər verir ki, qərarda deyilir ki, dəyişikliyin əsas səbəbi gənclər tədbirlərinin keçirilməsi üçün büdcə vəsaitindən səmərəli istifadə olunmasıdır və qərar Gənclər və İdman Nazirliyi, Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyinin razılaşdırılmış təkliflərinə əsasən qəbul edilib.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, büdcə vəsaitlərinin daha səmərəli xərclənməsi məqsədilə qəbul edilməsinə baxmayaraq yeni qərarda xərc normaları daha da artırılıb.
Beləliklə, yeni normativlərə əsasən Müsabiqə, olimpiada və s. qaliblərinin mükafatlandırılması xərci adambaşına 80 manata qədər müəyyən edilib, dəftərxana (dəvətnamə, proqram, kağız, bloknot, qovluq və s. üçün), nəşriyyat və təsərrüfat xərcləri 15 manat, tədbirlər zamanı çay, qəhvə fasiləsi xərci isə adambaşına 5 manatı keçməməlidir.
İştirakçının gündəlik və kommunal xərclərinin məbləği respublika üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin normalarına uyğun olaraq tənzimlənir.
Qərara əsasən, gənclər tədbirlərinin keçirilməsi üçün tərtibat işləri (o cümlədən, bədii tərtibat, dekorasiya, qrim materialları, səhnə geyimləri və s.), saytların hazırlanması, sosial şəbəkələrdə təbliğat-maarifləndirmə işlərinin aparılması, zalların icarəsi, sorğu və tədqiqatların keçirilməsi, tərcümə işləri, elm olimpiadaları və intellektual yarışlar zamanı sualların, telelayihələrin, videoçarxların və filmlərin hazırlanması, foto və videoçəkiliş xidməti, inventar və avadanlığın icarəsi və digər xərclər üçün vəsaitin ödənilməsi tədbir haqqında əsasnaməyə, dövlət satınalmalarını tənzimləyən mövcud normativ aktların tələblərinə, digər tənzimləyici normativ sənədlərə, həmçinin tədbiri keçirən və iştirakçı təşkilatların real bazar qiymətlərinə uyğun bağlanılmış müqavilələrə əsasən tənzimlənir.
Qərara əsasən, beynəlxalq səviyyəli gənclər tədbirlərində qonaqların mehmanxana xərcləri nümayəndə heyətinin rəhbəri, nazirlər və onlara bərabər tutulan şəxslər və digər fəxri qonaqlar üçün tədbirin keçirildiyi yerə uyğun olaraq, 4 ulduzlu mehmanxanalarda süit, 5 ulduzlu mehmanxanalarda kiçik süit və ya birnəfərlik otağın qiyməti kimi götürüləcək. Nümayəndə heyətinin üzvləri üçün isə 4 və ya 5 ulduzlu mehmanxanalarda iki çarpayılı otağın qiyməti götürüləcək.
Beynəlxalq tədbirlərdə yemək xərcləri isə, adambaşına nahar 40 manat, axşam yeməyi 60 manat, çay-qəhaə fasiləsi isə 10 manat təşkil etməlidir.
Beynəlxalq tədbirlərdə qonaqlar üçün dəftərxana xərcləri 1 nəfər üçün nazirlər və onlara bərabər tutulanlar üçün 30 manata qədər, nümayəndə heyətinin üzvləri üçün 15 manata qədər olmalıdır.
Qonaqlara verilən suvenirləin qiyməti də nümayəndə heyətlərinin rəhbərləri və nazirlər üçün 30 manatı, üzvlər üçün isə 24 manatı keçməməlidir
Daha bir maraqlı detal: xarici ölkələrin nümayəndə heyətlərinin qəbulu ilə əlaqədar nahar və şam yeməyi zamanı Azərbaycan tərəfindən iştirakçıların sayı xarici nümayəndə heyəti üzvlərinin sayından çox olmamalıdır.
Xarici ölkələrdən gələn qonaq yüksəkvəzifəli şəxs (qorunan şəxs) olduqda, qonağın yaşadığı mehmanxanada mühafizə məqsədi ilə Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən təhkim olunmuş əməkdaşlar üçün otaqların kirayə haqqı təqdim edilən hesab əsasında ödənilir.
Xarici qonaqlar üçün avtomobillərlə təminat və tərcümə xidmətləri də real bazar qiymətinə uyğun qiymətlərlə alınmalıdır.