Azərbaycanda «yük avtomobillərinin Uberi» yaradıldı - VİDEO
Azərbaycanda ticarət, xidmət və istehsal sahəsində fəaliyyət göstərən, yüklərini daşımaq üçün avtomobildən istifadə edən sahibkarlar, eləcə də yük daşıma xidməti göstərən şəxslər üçün mühüm yenilik baş verib.
Ölkədə ilk dəfə olaraq yük sahibləri ilə avtomobil sürücülərini əlaqələndirən startap fəaliyyətə başlayıb.
Bu sistem sifarişçilər və avtoimoqbil sahiblərini kənar vasitəçilər olmadan bir-biri ilə əlaqələndirir.
Yük avtomobilləri üçün «Uber»i xatırladan xidməti «A Truck» şirkəti təqdim edir.
Layihənin ideya müəllifi, «A Truck» şirkətinin təsisçisi və direktoru İlqar Tağıyev bildirib ki, yeni startap hazırda yük daşıma sahəsində olan bir sıra problemlərin həlli üçün yaradılıb.
Buraya ölkə daxilində və xaricinə müxtəlif yüklərin daşınması üçün uyğun avtombillərin seçilməsindəki çətinlik, avtomobil və yük sahibləri arasında əlaqələrin xaotik və qeyri-şəffaf olmaması, mövsümün pik dövrlərində yük avtomobillərinin çatışmazlığı və avtomobillərən bəzən boş hərəkət etməsi, daşıma qiymətlərinin tez-tez dəyişməsi aiddir.
«Bu problemləri həll etmək, avtomobillə yük daşımaları sahəsində dayanıqlı və şəəfaf sistemin, tənzimlənən bazar alətinin qurulması tələb olunurdu. Yeni yaradılan «A Truck» botu bu məsələləri həll edir».
Yeni layihədən faydalanmaq üçün potensial yük sahibləri və avtomobillə daşıma xidməti göstərən şəxslər «Telegram» sosial şəbəkəsi üzərində yaradılmış «A Truck» botda (https://t.me/atruck_bot) qeydiyyatdan keçməlidirlər. Qeydiyyat zamanı sürücü və ya avtomobil sahibləri avtomobilə aid məlumatları – avtomobilin və qoşqunun dövlət qeydiyyat nömrəsi, tutumu, yük daşıma qabiliyyəti, texniki imkanları (məsələn, soyuducusu olub-olmadığını və ya örtüyünün materialını) daxil etməlidirlər. Yük sahibləri isə göndəriləcək yüklə bağlı sifarişləri yerləşdirir, bu zaman yükün həcmi, xüususiyyətləri və göndərilmə tarixi barədə məlumatları göstərirlər.
Sistemə sifariş yerləşdiriləndə «A Truck» bot sistemdə qeydiyyatdan keçmiş avtombillər arasında sözügedən sifarişə uyğun gələn avtomobilləri yük sifarişçisinə təqdim edilir.
Yeni layihədən ölkələrarası və xarici daşımalarla məşğul olanlar, eləcə də ölkə və Bakı daxilində yük daşıma xidmətindən istifadə edənlər faydalana bilər.
Bizneslə yanaşı, şəxsi məqsədləri üçün Bakı daxilində tikinti materiallarının, müxtəlif malların və əşyaların daşınması üçün də bu sistemdən istifadə mümkündür.
Yeni istifadəyə verilən tətbiq hazırda hər iki tərəf – həm sürücülər, həm də yük sahibləri üçün tamamilə ödənişsizdir. Yaxın vaxtlarda BOT-un «Votsap» üzərindən istifadəsinə də başlanacaq.
4 dildə (Azərbaycan, rus, ingilis və türk dilləri) çalışan sistemin əhatə dairəsi təkcə Azərbaycanla məhdudlaşmır, «A Truck» vasitəsilə istənilən ölkədəki yük sahibi onun daşıması üçün avtomobil seçimini edə bilər.
Artıq Azərbaycanla yanaşı, ətraf ölkələr, Rusiya, Qazaxstan, Ukrayna, Özbəkistan, Türkiyə, İran və digər ölkələrdən olan çoxsaylı istifadəçilər sistemdə qeydiyyatdan keçib.
Gələcəkdə istifadəçilərin işini daha da asanlaşdırmaq məqsədilə sistemdə avtomobil sahiblərinin reytinqləri də tərtib ediləcək.
«Planlaşdırmışıq ki, gələcəkdə sifarişçilər tərəfindən hər bir sürücüyə reytinq verilsin. Belə reyitinqlərin olması seçim prosesini şəffaf etməyə və daha düzgün seçim etməyə imkan verir».
Növbəti mərhələdə sürücülərin öz avtomobillərini təklif etməsi üçün «Mən boşam» funksiyası işə salınacaq: «Bu funksiya sürücülərin daha tez yük tapmasına, xüsusilə də səfərini başa vuran və artıq qayıtmağa hazırlaşan sürücülərin yüklə geri qayıtmasına imkan verəcək».
Bundan başqa, gələcəkdə «A Truck» bota avtomobillərin coğrafi yerləşməsi də əlavə ediləcək ki, yük sahiblərinə daha yaxındakı avtomobillər təklif olunsun.