Sığorta

Sığortaçıların ödənişləri 62,2% kiçildi - TƏHLİL

Azərbaycan sığortaçıları bu ilin ilk üç ayı üçün maraqlı rəqəmlər açıqlayıblar. İlk növbədə sığorta sektorunun xalis mənfəətinin (sığorta, təkrar sığorta və broker şirkətləri daxil olmaqla) 2021-ci ilin analoji dövrünün göstəricisindən 27% çox olmasının maliyyə tərəfləri maraqlıdır.

 

Təkrar sığortaçıların payı 96,7%! azaldı

Halbuki, bu dövrdə sığorta sektorunun gəlirləri 2021-ci ilin birinci rübü ilə müqayisədə 31% az olub - 189,652 milyon manat. Beləliklə, 2022-ci ilin yanvar-mart ayları üzrə yekunlarına görə, sığortaçıların gəlirləri 39,575 milyon manat olub.

Hesabata görə, sığorta haqları 3,9% artıb və 266,498 milyon manat olub. Sığorta bazarının iştirakçılarının investisiya gəlirləri 39% yüksələrək 18,067 milyon manata çatıb. Sığorta haqlarında təkrar sığortaçıların payı 706 min manat (azalma 96,7%!) təşkil edib. Xərc kimi əksini tapan sığorta ehtiyatları bir il əvvələ olan 20,005 milyon manata qarşı 101,182 milyon manata yüksəlib.

 

Sığorta ödənişlərinin həcmi kiçildi

Hesabat dövründə sığorta sektorunun xərcləri 39,8% azalaraq 144,696 milyon manata düşüb. Sığorta ödənişləri 62,2% kiçilib və 63,563 milyon manata, təkrar sığorta ödənişləri 5,2% azalaraq 25,361 milyon manata düşüb. İşin aparılması xərcləri isə 12,1% artaraq 45,111 milyon manat təşkil edib.

2022-ci ilin birinci rübündə sığortaçılar ötənilkindən 50,8% çox, yəni 5,381 milyon manat məbləğində mənfəət vergisi ödəyiblər.

 

Sığortaçıların bankdakı pulları artıb

2022-ci il martın 31-nə Azərbaycanda sığorta bazarının aktivləri 1 milyard 461 milyon 482,9 min manat təşkil edib ki, bu da 2022-ci ilin əvvəlinə olan göstəricidən 9,2% çoxdur.

Bank hesablarında 456 milyon 13,4 min manat və ya aktivlərin 31,2%-i (artım 12,6%), uzunmüddətli maliyyə aktivlərində 449 milyon 475 min manat (artım 10,3%), debitor borclarında 145 milyon 743,6 min manat (artım 8,9%), qalan məbləğ isə digər aktivlərdə toplanıb.

2022-ci il aprelin əvvəlinə sığorta sektorunun məcmu nizamnamə kapitalı 381 milyon 49,9 min manat (azalma 1,6%) təşkil edib.

 

Bölüşdürülməmiş mənfəət 50% artıb

1 yanvar 2022-ci il tarixinə sektorun sığorta ehtiyatları 833 milyon 890,8 min manat (artım 11,3%), ümumi bölüşdürülməmiş mənfəəti 119 milyon 350,9 min manat (artım 49%) təşkil edib.

2022-ci il aprelin 1-nə sığorta sektorunda 33 hüquqi şəxs qeydiyyata alınıb, onların 32-si özəl hüquqi şəxs (7 şirkət xarici kapitala malikdir - İF), 20-si sığorta şirkəti, 1-i təkrar sığorta şirkəti, 11-si isə broker şirkətidir.

2022-ci il aprelin 1-nə Azərbaycanın sığorta sektorunda orta əmək haqqı 1720,3 manat təşkil edib, bu isə 2021-ci ilin birinci rübünə olan göstəricidən 10,4% çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)