Nazir: "AÇG və “Şahdəniz” Azərbaycana 163 mlrd dollardan çox gəlir gətirib"
İndiyə qədər “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələri Azərbaycana 163 milyard ABŞ dollarından çox gəlir qazandırıb.
Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.
Onun sözlərinə görə, Azərbaycan “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan və “Şahdəniz” qaz-kondensat yatağından indiyədək 555 milyon ton neft və kondensat hasil edilib.
"Qeyd edilən yataqlardan indiyədək 168 milyard kubmetr qaz və 36 milyon ton qaz kondensatı hasil edilib", - nazir vurğulayıb.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
İkinci kəşfiyyat quyusunun qazma işləri Abşeron Yarımadasının Dayazsulu Hissəsi üzrə müqavilə sahəsinin qərb perspektiv hissəsində sahildən təqribən 1,5 km aralı suyun dərinliyi təqribən 7 metrə çatan ərazidə həyata keçirilir. Quyunun ümumi dərinliyinin 4 400 metrə çatacağı planlaşdırılır.